Zahid Avşar Eloğlu
Zahid Avşar Eloğlu (Zahid Hacıqulu oğlu Quliyev; 1952, Avşar, Ağcabədi rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü; İdman ustası; Yeni Azərbaycan Partiyasının üzvü (2008).
== Həyatı ==
Zahid Avşar Eloğlu 1952-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1968-ci ildə Ağcabədi rayon Nizami adına Avşar kənd 1 saylı tam orta məktəbini, 1978-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.1970-ci ildə keçmiş DQMV-nin Şuşikənd kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 1972–1974-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Ağcabədi rayonunun Şənlik və Qaradolaq kənd orta məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi, Ağcabədi rayon UGİM-də məşqçi-müəllim işləmişdir. İdman ustasıdır. Komsomol işçisi olmuşdur.
Hal-hazırda N.Abdullayev adına Avşar kənd 2 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
== Yaradıcılığı ==
Zahid Avşar Eloğlunun şeirləri müxtəlif qəzet və dərgilərdə mütamadi çap olunur."Yadıma sən düşürsən" (Bakı, Şirvannəşr, 2005), "Dağlar dağımdır mənim" (Bakı, Şirvannəşr, 2008), "Şəhriyarla söhbət" (Bakı, Yazıçı, 2011), "Haqdan gələn səs" (Bakı, Yazıçı, 2011), "Qoca palıdın dastanı" (Bakı, "Elm və təhsil", 2021) kitablarının müəllifidir.
== Üzvülüyü ==
Zahid Avşar Eloğlu 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.