Hüseynalı Nəbiyev
Hüseynalı Hikmət oğlu Nəbiyev (17 yanvar 1999; Bəcirəvan, Cəlilabad rayonu, Azərbaycan — 14 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur.
== Həyatı ==
Hüseynalı Nəbiyev 17 yanvar 1999-cu ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində Hikmət Nəbiyevin və Sevda Nəbiyevanın ailəsində anadan olmuşdur. 2005–2016-cı illərdə Cəlilabad rayon Bəcirəvan kənd tam orta məktəbində orta təhsil almışdır. Subay idi.
== Hərbi xidməti ==
Azərbaycan Ordusunun əsgəri olan Hüseynalı Nəbiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənovun Sərəncamına əsasən Hüseynalı Nəbiyev 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseynalı Nəbiyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseynalı Nəbiyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseynalı Nəbiyev "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bir neçə medalla təltif edilən Hüseynalı Nəbiyev hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi davam etdirirdi.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir.