Aşıq Məmmədhüseyn
Şair Məmmədhüseyn (1800, Daşkənd – 1880, Daşkənd, Yeni Bəyazid qəzası) — XIX əsrdə yaşamış aşıq, şair.
== Həyatı ==
Novruzov Məmmədhüseyn Həsən oğlu 1800-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, heç bir təhsil almamışdır. Şairin böyük qardaşı Əli Ərdəbildə və İsfahanda 8 il ruhani təhsili almışdır. Məmmədhüseynin atası dülgər olsa da bütün varlığı ilə aşıq sənətinə bağlanmışdır. Elə Məmmədhüseynin də şair olmasında atasının az təsiri olmamışdır.
Məmmədhüseyn bədahətən şeir deməyə qadir bir şair imiş. Daşkənddə yaşayan "Şairlilər" nəsli şairin adı ilə bağlıdır və onun nəsil şəcərəsinin üzvləridir. Şair Məmmədhüseynin Kərbəlayi Məhəmməd, Kərbəlayi Əsəd, Əbülfət, Əli və Xəlil adlı beş oğlu olmuşdur. Böyük sənətkar müqəddəs Kərbəlanı oğlu Məhəmmədlə birgə ziyarət etmişdir.