Bakı neftayırma zavodu
Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş Yeni Bakı neftayırma zavodu, ‹Azərneftyanacaq› İstehsalat Birliyi, "Azərneftyanacaq" neft emalı zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) — keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılmışdır.
== Haqqında ==
Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəyə çevrilmişdir.
Zavodun əvvəlki adları:
— Stalin adına zavod
— Qarayev adına zavod
— KP XXII Toplantısı adına Neftayırma Zavodu
— Vladimir İlyiç adına Yeni Bakı Neftayırma Zavodu
— "AzərNeftYanacaq" İB
— Heydər Əliyev adına Bakı Neftayırma Zavodu
50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir.
Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir.
Zavodda neftin ilkin emalı üzrə ED-AV-6 qurğusu (istismara verildiyi il — 1976), katalitik riforminq qurğusu (1980-ci il), tədrici kokslaşma qurğusu (1986-cı il), katalitik krekinq qurğusu (1993-cü il) kimi yüksək texnoloji gücləri fəaliyyət göstərir.
Zavodun əsas texnoloji qurğusu 1976-cı ildə istismara buraxılmış ED-AV-6 elektrik duzsuzlaşdırma və mazutun vakuum distillə edilməsi blokları ilə birlikdə neftin ilkin emalı qurğusudur.