Aqşin Əlizadə
Aqşin Əliqulu oğlu Əlizadə (22 may 1937, Bakı – 3 may 2014, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1987), professor (1990), Azərbaycan SSR dövlət mükafatı laureatı (1978).
== Həyatı ==
Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962).
Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır.
== Fəaliyyəti ==
Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.
Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qafqaza səyahət" baleti, "Ümid valsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s.