Çeçen musiqisi
Çeçen musiqisi cənubdan Dağıstan xalqları, qərbdən Gürcüstan və Şimali Osetiyanın etnik qrupları ilə qarşılıqlı təsir zəminində inkişaf etmişdir. Milli musiqi ənənələri şifahi xalq yaradıcılığı abidəsi olan "Nart" eposundan qaynaqlanır. Çeçen xalq mahnı və rəqs melodiyaları, instrumental musiqisi janr etibarilə rəngarəngdir (laduqlu yiş, xalxaran yiş). Yiş tipli mahnıların mətni ifaçılar tərəfindən tamam və ya qismən improvizə olunur (məzəli – zabariyn yiş, beşik mahnısı – aqanan yiş). Kişi xorunun ifasında dini məzmunlu mahnılar xüsusilə qeyd olunmalıdır (nəzm, zikr). Xalq mahnılarının solo, xor, birsəsli və çoxsəsli ifası ənənələri mövcuddur. Bəzi spesifik janrlı mahnılardan (laylalar, ağılar) başqa, hamısı instrumental müşayiətlə ifa olunur. Zərb aləti gema, nəfəsli tsuzam, dutra, máa, şedaq qədim xalq çalğı alətləridir. XIX əsrin 80–90-cı illərindən komuz (kexat-pondur, yəni Qafqaz qarmonu) çeçenlərin ən populyar aləti olmuşdur. Zurna, iki tərəfli təbil, bayan, akkordeon, gitara geniş yayılmışdır.