Ödəniş tapşırığı
Ödəniş tapşırığı — Ödəniş tapşırıqları ilə hesablaşma nağdsız hesablaşmanın formalarından biridir. Hesablaşmanın bu formasında bankda hesabı olan müəssisənin həmin hesabdan müəyyən məbləğ vəsaitin silinib, başqa müəssisənin hesabına daxil edilməsi haqqında özünə xidmət edən banka verdiyi tapşırıqdır. Ödəmə tapşırığı vasitəsilə həm şəhər daxili, həm də şəhərdən kənar hesablaşmalar aparılır.
Ödəniş tapşırıqlarının mahiyyəti, onun yerinə yetirilməsi şərtləri və digər məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 973 – 976-cı maddələrində əks olunmuşdur. Onun icra mexanizmi isə Azərbaycan Respublikasının Milli Bankı İdarə Heyətinin 19 sentyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş " Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat "ı ilə müəyyən edilmişdir.
Ödəniş tapşırıqları ilə hesablaşmanı icra etmək üçün bank müştərinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitinin bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin hesabına ödəmək öhdəliyini öz üzərinə götürür. Bu öhdəliyi bank, bank hesabı müqaviləsində ayrı müddət nəzərdə tutulmayan hallarda ödəniş tapşırığının banka daxil olduğu günün ertəsi gündən gec olmayaraq icra edir.
Nağdsız hesablaşmaların həyata keçirilməsi üçün istifadə edilən ödəniş tapşırığında aşağıdakı rekvizitlər mütləq əks etdirilməlidirlər:
Ödəyicinin adı və digər rekvizitləri;
Vəsait alanın adı və digər rekvizitləri;
Emitent bankın adı və digər rekvizitləri ("V" formatlı ödəniş tapşırığı istisna olmaqla) ;
Benefisiar bankın adı və digər rekvizitləri;
Vəsaitin məbləği və valyuta növü;
Ödənişin təyinatı.
== " A " formatlı ödəniş tapşırıqları ilə hesablaşmalar ==
Ödəniş tapşırıqları ilə hesablaşmalar "A" və "B" formatlı olur.
" A " formatlı ödəniş tapşırığının "A1" hissəsində emitent (ödəyən) bankın adı, kodu, VÖEN – i, müxbir hesabı, SWIFT BIK kodu, "A2" hissəsində ödəyicinin adı, hesab nömrəsi və VÖEN – i, "B1" hissəsində benefisiar (alan) bankın adı, kodu, VÖEN – i, müxbir hesabın nömrəsi, SWIFT BIK kodu, vasitəçi bankın adı, "B2" hissəsində vəsait alanın adı, hesab nömrəsi, VÖEN – i, "C1" hissəsində ödəniş aparılan valyutanın növü, "C2" hissəsində ödəniş həyata keçirələn məbləğ rəqəmlə və yazı ilə əks etdirilir.