Bütün vacib döyüşlər, adətən, düzəngahlarda baş verir. Burada piyadalar üçün geniş yer var və süvarilərin (və ya tankların) manevr etmək imkanları yüksəkdir. Düzəngaha latın dilində “campania”, italyan dilində isə “campagna” (yəni böyük meydan) deyilir. Fransız dilində “campagna” sözü etimoloji cəhətdən döyüşçü, mühafizəçi mənasını verən “champion” (çempion) sözü ilə bağlıdır. Tədricən “çempion” sözü indiki mənasını – “ən yaxşı” mənasını aldı.
Fransanın şimal-şərqində bəşər tarixinin ən vacib döyüşlərinə səhnə olmuş iri düzəngah yerləşir. 451-ci ildə hunlar kimi tanınan Asiya tayfaları Reyn çayından şərqə və Dunay çayından şimala bütün Avropanı tutdular. Onlar Qalliyanın (müasir Fransa) düz mərkəzinədək irəlilədilər. Roma sərkərdəsi Aetsi onlarla Şalon şəhəri yaxınlığında üz-üzə gəldi və şiddətli döyüşdən sonra hunları geri oturda bildi. Şalon ətrafındakı döyüş hunlar üçün fəlakətli oldu. Çox güman, məhz həmin ölüm-dirim kampaniyasının şərəfinə bu ərazi Şampan adını qazandı.
Fransa böyük şərabçılıq ölkəsidir. Bir çox şərablar istehsal olunduqları ərazilərin adını daşıyır. Şampanda yetişdirilən üzümdən istehsal olunan şərab şüşələrə çox erkən doldurulur. Qıcqırma prosesi şüşənin içində gedir. Nəticədə təmtəraq rəmzinə çevrilmiş bərq vuran, qazlı şərab əldə olunur. (Ayzek Azimov. Sözlərin tarixi)