Türk (türk xalqalrının əfsanəvi əcdadı)
Türk — türklərin əfsanəvi əcdadı, bəzi mənbələrə görə Bibliyadakı Yafətin oğlu, Nuhun nəvəsi. Türkün Yafətin nəslindən gəlməsi erkən dövr müsəlman etnogenealogiyalarında qeyd edilir. Əbulqazi Bahadır xanın "Şəcərəyi türk" əsərinə görə Türk Yafətin səkkiz oğlundan biridir və Yafət Türkü öz yerinə seçərək digər oğullarına onu hökmdar kimi tanımağı və ona tabe olmağı əmr edir. Əfsanəyə görə oğuz türklərinin əcdadı Oğuz xan Türkün nəslindəndir.
Hələ VIII əsrə aid ərəb dilində yazılmış əsərlərdə görülən ilk müsəlman etnogenealogiyalarında türklər slavyanlar və Yəcuc və Məcuc xalqları ilə birlikdə Yafət nəslinə aid edilir. Təbəri (IX–X əsrlər) Yafətin nəslindən gələnlər arasında ət-Türkün adını çəkir, digər bir yerdə isə ibn İshaqa (VIII əsr) istinad edərək təkrar onun adını çəkir. X əsr yaşamış Məsudi "oğlaq altında", yəni şimalda yaşayan Yafət nəslinin nümayəndələri haqqında yazırdı; onların arasında ət-Türk də var idi. X əsrə aid anonim müəllif tərəfindən yazılmış "Müxtəsər əl-əcaib" əsəri Yafətin nəslindən gələnlərə ət-Türkü də aid edirdi. Anonim müəllif tərəfindən farsca yazılmış "Mücmal-ət-təvarix" əsəri (XII əsr) türklərin Yafətin nəslindən olduğu qeyd edilir, soy başlarının arasında Türkün də adını çəkir. Tarix, ilahiyyat və tibb mövzusunda ərəbcə əsərlər yazmış İsgəndəriyyə patriarxı II Evtixiy və ya daha çox tanındığı adı ilə Səid ibn Batrik(en) (X əsr) də Ət-Türkü Yafətin nəslindən gələnlər arasında çəkir.