Əhmədiyyə Cəbrayılov
Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov (22 sentyabr 1920, Oxud, Nuxa rayonu – 11 oktyabr 1994, Şəki) — İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri,Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası.
Əhmədiyyə Cəbrayılov 22 sentyabr, 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"lar ilə təltif olunmuşdur.
1935-ci ildə Şəkidə Kənd təsərrüfatı texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olur. 1938-ci ildə buranı Aqronomiya ixtisası üzrə bitirir və növbəti illərdə Quba-Xaçmaz zonası rayonlarında əmək fəaliyyətinə başlayır. 1940-cı ildə Kommunist partiyasına üzv olur.
Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin olunur.