sif. 1. Keçmiş, köhnə. Əski adətlər. Əski qayda və ənənələr. Əski moda. Əski üsullarla işləmək olmaz.
– Zeynal əski bir şkafı köndələn qoymaqla şüşəbəndi ikiyə bölmüş, açıq qalan yerinə də bir pərdə asmaqla Səlimi öz ailəsindən ayırmışdı. S.Hüseyn.
Hər əski ənənə, hər əski adət; Məhəbbət, iztirab, gülüş, qiyafət: Məncə, bıqdırırdı bəşəri hər an. S.Vurğun.
// Köhnəlmiş, yıpranmış, xarab olmuş. Əski şeylər. Əski paltar. Əski bir bina.
2. Qədim, keçmiş dövrlərə aid. Bu yerlərin əski əhalisi. Ölmüş əski dillər. Əski dinlərin qalıqları. Əski abidələr.
– Bu əski əfsanə gülünc olsa da; Qalmış əsrlərcə qoca yadigar. S.Vurğun.
3. Çoxdankı, köhnə. Əski dost.
– [Nadir] bir cəhətdən də [Məcidin] gəlməsinə və əski yoldaşı ilə görüşməyinə şad idi. B.Talıblı.
Bu gün mən başqa bir dünyaya çıxdım; O əski, lap əski qərargahımdan. S.Vurğun.
4. Təcrübəli, qocaman. Əski müəllim. Əski usta. Əski həkim. – [Möhsünzadə] yenə Zeynalın vəziyyətinə girmək, ona bir az yardım etmək istəyirdi.
Hər necə olsa o, əski bir işçi idi. S.Hüseyn.
// Yaşlı. Əski adamdır, cavan görünməsinə baxma.
◊ Əski hamam, əski tas – heç bir şey dəyişməyib, köhnə halında qalmışdır.
Əski hamamdır, əski tas, bəs yeni rənginiz hanı? Dinmə, danışma, yat, balam, sən deyən olmayıb hələ! M.Ə.Sabir.
[Surxay Aydına:] Sənin isə düşündüyün fədəm-dəmə, istəklərin damdan-dama, etdiklərinə gəlincə, əski tas, əski hamam. C.Cabbarlı.
[Azər:] Artdıqca bilgilər, artır ehtiras; Heç fərqi yox – əski hamam, əski tas. H.Cavid.
Əski qapı, əski daban – bax
əski hamam, əski tas.
Qəzetçi, molla yazığın ağzını lap ovuşdurub; İndi yazır əski qapı, əski dabanı birbəbir. C.Cabbarlı.