Cirəgülü
Cirəgülü (lat. Pimpinella) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
== Botaniki xarakteristikası ==
Adi cirəgülü birillik bitki olub, hündürlüyü 50-60 sm-dir. Gövdəsi düzqalxan, dairəvi, yuxarı tərəfi budaqlanandır. Kökətrafı və gövdənin aşağı hissəsinin yarpaqları uzun saplaqlı, bütöv və dayaz üçpərli, dairəvi-böyrəkşəkilli formalı, kənarları iridişli, orta uzunluqlu saplaqlı, qovuşuq olmaqla kənarları ikiyə bölünmüş, yan seqmenti normal, son seqmenti isə üçpərlidir.Yuxarı yarpaqları 3 və 5-ə bölünmüş dar xətti seqmentlidir. Çiçəkləri kiçik 5 üzvlü, ağ rəngli olub, mürəkkəb çətir çiçək qrupunda formalaşmışdır. Meyvələri müəyyən edilməyən sallaq meyvədir. Yumurtavari və ya tərs armadvari formalı, yan tərəfdən azacıq yastılaşmış, əsası geniş, zirvəsi isə daralmışdır. Zirvəsi beşdişli, kasacığı və dişiciküstü yarılmış vəziyyətdədir. Meyvənin yuxarı tərəfi kələ-kötür, nahamar, xarici tərəfi qabarıq, daxili tərəfi isə yastıdır.