Bu söz yağı əridib içinə yumurta salmaq, sonra onu əzilmiş sarımsaq və qatıq qarışığının üstünə tökməklə alınan xörəyin adını bildirir. Belə ehtimal olunur ki, sözün kökü rəng bildirən ağ sözündən ibarətdir. Qayğanağı sarımsaqla qatığın içinə qarışdırdıqda qatıq ağ rəngini bir qədər itirir, ağımsov olur. -la şəkilçisi isə, güman ki, -layu şəkilçisinin dəyişmiş formasıdır. -layu şəkilçisi yalı sözündən əmələ gəlib, “kimi, sayağı” anlamlarını əks etdirir. Mənbələrdə aslan kimi yerinə aslanlayu sözü çox işlədilib. Bəzi türk dillərində ağsolaq sözü ağsıraq kimi işlədilir və rus dilinə “беловатый” kimi tərcümə olunur.