Leonid Abalkin
Leonid İvanoviç Abalkin (rus. Леони́д Ива́нович Аба́лкин 5 may 1930, Moskva – 2 may 2011, Moskva) — Rusiya iqtisadçısı, Rusiya Elmlər Akademiyasının akademiki (1991; 1987-ci ildən SSRİ Elmlər Akademiyasının akademiki), 1986-cı ildən Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, 1989–1991-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin müavini.
Leonid İvanoviç Abalkin 5 may 1930-cu ildə SSRİ-də, Moskva şəhərində anadan olmuşdur. 1952-ci ildə Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1952-ci ildən Kalininqrad vilayətinin Qusev şəhərində kənd təsərrüfatı texnikumunda dərs demiş, direktoru olmuşdur. 1958-ci ildən Moskva Dövlət İqtisadiyyat İnstitutunun aspirantı olmmuşdur. 1961-ci ildən Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda assistent, müəllim, dosent, 1966-cı ildən siyasi iqtisad kafedrasının müdiri kimi çalışmışdır. 1976–1985-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında professor və siyasi iqtisad kafedrasının müdiri olmuşdur. 1985-ci ildən İqtisadiyyat İnstitutunun direktoru. 1984-cü ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1988–1990-cı illərdə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü.