Akselerasiya
Akselerasiya:
1) Biologiyada: inkişafın müəyyən mərhələlərində rüşeymin ayrı-ayrı hissələrinin formalaşmasının sürətlənməsi, məsələn: balıqlarda və quyruqsuz amfibiyalarda yumurta sarısı kisəsində qida maddələri tükəndikdə onların qidalanmasını təmin edən ağız aparatının erkən əmələ gəlməsi;
2) Antropologiyada: əvvəlki nəsillərlə müqayisədə uşaqlarda və yeniyetmələrdə böyümənin və cinsi yetişkənliyin sürətlənməsi. 20-ci əsrin əvvəllərindən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə müşahidə edilir. Buna görə də insanın müasir inkişaf mərhələsi üçün səciyyəvi olan bədənin çəkisinin, uzunluğunun artması kimi dəyişikliklərlə yanaşı Akselerasiya da bəzən "əsri ənənə", yaxud "sekulyar meyillilik" termini ilə ifadə edilir. Bir çox tədqiqatçılar Akselerasiyanın qlobal səbəbləri sırasında Günəş fəallığının artıb-azalmasını göstərirlər. Akselerasiya, əsasən, skeletin inkişafında (sümükləşmə prosesi oğlanlarda 2, qızlarda isə 3 il tez başa çatır), dişlərin çıxmasında və əvəz olunmasında (1–2 il tez), boyun artmasının və cinsi inkişafın tezləşməsində (1–2 il tez) özünü göstərir. ABŞ, Rusiya və Avropanın bir çox ölkələrində son 100 il ərzində boyun məktəbəqədər yaşlı uşaqlarda orta hesabla 10–12 santimetr, məktəblilərdə isə 10–15 santimetr artması qeyd olunmuşdur. Bakı şəhərinin 7–15 yaşlı məktəblilərində 1960-cı ildən 1991-ci ilədək boy göstəricisi orta hesabla 3,5 santimetr artmışdır. Oğlanlarda boy göstəricisinin ən çox artması 12 yaşda, qızlarda isə 11 yaşda müşahidə olunmuşdur. Boyun inkişafının dayanması və bədən nisbətlərinin formalaşması qızlarda artıq 16–17 yaşda, oğlanlarda isə 18–19 yaşda başa çatır. Əvvəllər bu göstərici müvafiq olaraq 20–22 və 22–25 yaşlarda tamamlanırdı.