Kərim Həsənov (rejissor)
Kərim Vahab oğlu Həsənov (1914, Şamaxı – 1978, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycan SSR əməkdar artisti (1954).
== Həyat və yaradılığı ==
Kərim Həsənov 1914-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. İlk təhsilini burada almış daha sonra ailəsi ilə Bakıya köçmüşdür. Orta məktəbdə oxuyarkən 1928-ci ildə həvəskar aktyor kimi çıxış etmiş, sonra truppaya qəbul edilmişdir.
1931–1934-cü illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində, 1934–1939-cu illərdə isə Moskva Teatr Sənəti İnstitutunda təhsil almışdır. Moskvadan qayıtdıqdan sonra 1939–1949 və 1954–1977-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor və 1949–1952 və 1953–1954-cü illərdə baş rejissor işləmişdir. Uşaqlar, məktəblilər, yeniyetmələr və gənclər üçün müxtəlif janrlarda tamaşalar hazırlamışdır. Kollektivin rus truppasında da bir neçə tamaşanın rejissoru olmuşdur.
Kərim Həsənov bir sıra tamaşalara quruluş vermişdir: "Xırs quldurbasan" (Mirzə Fətəli Axundov), "Ağa Kərim xan Ərdəbili" və "Hacı Qəmbər" (Nəcəf bəy Vəzirov), "Poçt qutusu" və "Quzu" (Cəlil Məmmədquluzadə), "Bəxtsiz cavan" (Əbdürrəhim bəy Haqverdiyev), "Fitnə" (Abdulla Şaiq), "Azad", "Məlik Məmməd" və "Aqil və Sərvinaz" (Əyyub Abbasov), "Babək" və "Ramiz" (Əbil Yusifov), "Zəng səsləri", (Ramiz Heydər), "O mənim oğlumdur" və "Dağ seli" (Əfqan), "Nəsrəddin", "Aprel səhəri" və "Qonşular" (Yusif Əzimzadə), "Aydınlığa doğru" (Seyfəddin Dağlı), "Yarımçıq şəkil" (Adil Babayev), "Son məktub" və "Etibar" (Rauf İsmayılov), "Seyran" (Əliməmməd Atayev və Əhməd Əhmədov), "Yeniyetmələr" (Həsən Qasımov və Ənvər Əlibəyli), "Yanmış planetin sərvətləri" (Novruz Gəncəli), "İki veronalı" (Uilyam Şekspir), "Skapenin kələkləri" (Jan-Batist Molyer), "Evlənmə" (Nikolay Qoqol), "Ərköyün oğul" (Yevgeni Rıss), "Qoğal evə (Miloslav Steqlik), "Sehrli güvəc" (Pavel Malyarevski), "Mayın əvvəllərində" (Valentina Lyubimova).
Rejissor 1978-ci ildə Bakıda vəfat etmişdir.