Mədəd Allahverdiyev
Mədəd Mustafa oğlu Allahverdiyev — Azərbaycanın ilk iqisad elmləri doktorlarından biri, professor, iqtisadçı alim.
== Həyatı ==
Mədəd Allahverdiyev 1929-cu il dekabr ayının 21-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1950-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra EA-nın iqtisadiyyat bölməsinin aspiranturasında təhsil almış, 1954-cü ildə isə Moskvada müvəffəqiyyətlə namizədlik dessertasiyası müdafiə etmişdir.
M.Allahverdiyevin məhsuldar həyatının böyük bir dövrü Azərbaycan EA İqtisadiyyat İnstitutunda keçmişdir. O, burada baş elmi işçi, elmi katib, şöbə müdiri vəzifələrində çalışmışdır. 1968-75-ci illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktoru vəzifəsində işləmişdir.
Professor M.Allahverdiyevin iqtisadi oriyentrlərin dəyişdiyi indiki şəraitdə də öz aktuallığını saxlayan tədqiqatları yaradıcılığının ilk mərhələsində iqtisad elminin aqrar problemlərinə, sonrakı mərhələlərdə isə iş qüvvəsinin təkrar istehsalı, əmək, makroiqtisadi tarazlıq problemlərinə həsr olunmuşdur.
Keçən əsrin 50-ci illərinin sonu və 60-cı illərin əvvəllərində M.Allahverdiyevin bir-birinin ardınca “Azərbaycan SSR-in çayçılıq kolxozlarının iqtisadiyyatının inkişafı” (Bakı, Akademiya nəşriyyatı, 1956) “Kolxozlarda ictimai və şəxsi mənafelərin əlaqələndirilməsi” (Bakı, Azərnəşr, 1956), “Kolxoz istehsalının inkişafında maşın-traktor stansiyalarının rolu” (Bakı, “Azərnəşr, 1959), “Dağ rayonları şəraitində kompleks mexanikləşdirmənin bəzi məsələləri” (Bakı, Azərnəşr, 1960), “Pambıqçılıqda əmək məhsuldarlığı və onun artırılması yolları” (Bakı, Akademiya nəşriyyatı, 1960), “Kolxoz və sovxozlarda əməyin və istehsalın düzgun təşkili” (Bakı, Azərnəşr, 1962) kimi əsərləri çap olunur.
M.Allahverdiyev 1964-1967-ci illərdə əmək və əmək resurslarına dair bir sıra fundamental əsərlər çap etdirir. “Əmək resursları və Azərbaycan SSRİ kənd təsərrüfatında onlardan istifadə olunması” (Bakı, Azərnəşr, 1964), “Sosialist əhali sakinliyi qanunu” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Akademiya nəşriyyatı, 1965), “Azərbaycan SSR-də iş qüvvəsinin təkrar istehsalı məsələləri” (Bakı, Akademiya nəşriyyatı, 1966), “Məhsuldar və qeyri-məhsuldar əmək” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Azərnəşr, 1967) kitabları müəllifin elmi yaradıcılığının ən uğurlu yekunlarındandır.