Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu və ya qısaca MİMTA — Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı. Fond qədim tarixə, yüksək mədəniyyətə malik Azərbaycanın tarixini, milli irsini, mənəvi dəyərlərini qoruyub-saxlamaq və inkişaf etdirməyə kömək məqsədilə təsis edilmişdir.
31 yanvar 2005-ci ildən fəaliyyət göstərən fondun icraçı direktoru Pərviz Əmirovdur.
== Məqsədlər ==
Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycanın milli irsi, mədəni, tarixi dəyərlərini tədqiq edib həm ölkədə, həm də ölkədən kənarda təbliğ etmək, xarici ölkələrdə Azərbaycanın milli irsini, mədəniyyətini, tarixini əks etdirən sərgilər, konfranslar və s. tədbirlər təşkil etmək, istedadlı gənclərə, yaşlı ziyalılara maddi və mənəvi kömək göstərmək, təhsil, səhiyyə, mədəniyyət və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminarlar, müsabiqələr keçirmək və ayrı-ayrı şəxsləri Azərbaycan tarixi, mədəniyyəti, irsi üçün əhəmiyyətli olan uğurlara görə mükafatlandırmaqdan ibarətdir.
== Fəaliyyət ==
=== Nəşrlər ===
==== Jurnallar ====
===== Füyuzat jurnalı =====
1906-cı il noyabrın 1-i Əli bəy Hüseynzadənin baş redaktorluğu ilə nəşrə başlayan, amma mütərəqqi və milli fikirləri təbliğ etdiyindən 1907-ci ilin noyabrında çar hökuməti tərəfindən çapı dayandırılan “Füyuzat” jurnalı 100 il sonra – 2007-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən bərpa edilmiş və “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirilməyə başlanmışdır.
MİMTA fondunun mətbu orqanı olan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Jurnal milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlılıq və bununla da dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiq qalmışdır.
Jurnalın baş redaktoru filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur.
===== İşıq jurnalı =====
1911-ci il yanvarın 22-də maarifpərvər ziyalı Xədicə Əlibəyovanın baş redaktorluğu və Mustafa bəy Əlibəyovun naşirliyi ilə çap olunan və milli mətbuatımızın ilk qadın mətbu orqanı kimi tarixə düşən “İşıq” qəzeti 68 nömrədən sonra – 1912-ci ildə fəaliyyətini dayandırsa da, 2012-ci ilin yanvar ayından etibarən Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsisçiliyi ilə “İşıq-qadın” jurnalı kimi bərpa edilmişdir.