1. İki şey arasındakı boşluq, boş yer; iki yerin arası; ortalıq, orta, ara. Aralıqda qalan şeyləri götürün. Aralıqda gəzib işə mane olma.
// Bir neçə otaq və sairə arasındakı açıq yer. Samovarı aralıqda qoy. Kömür yeşiyi aralıqdadır.
// sif. İki və ya bir neçə şeyin arasında, ortasında olan. Aralıq malı arada yeyilər.
– Əhməd aralıq peçini yandırdı.
2. Dar dalan, dar küçə. Dalandar aralığı süpürdü. Bizim ev aralıqdadır. Qapı aralığa çıxır.
// Sif. mənasında.
Fayton aralıq küçələrdən keçib irəliləməyə başladı.
3. “Bu” sözü ilə bərabər: bu aralıq – bu zaman, bu vaxt, bu əsnada, bu dəmdə. Bu aralıq göy guruldamağa başladı.
– Bu aralıq quşların civiltiləri hər şeydən əvvəl eşidilir.
Bu aralıq birdənbirə toyuğumu xatırlayıb, cəld hinin ağzına yüyürdüm.
// “Bir” sözü ilə bərabər: bir aralıq – az zaman, bir müddət, bir anlığa, müvəqqəti olaraq. Bir aralıq sakitlik düşdü. Bir aralıq səsini kəsdi.
4. Yerl.
halda: aralıqda – ortalıqda, ortada, arada. [Heydər bəy:] Ondan ötrü Səfər bəy məsləhət gördü ki, götürüm qaçım.
Toy xərci aralıqda itsin.
…Yarım saat çəkmədi, aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş, geri çəkilib evdə qapandılar.
[Səfər bəy:] Əgər siz başlasanız birbirinin ziddinə getməyə, aralıqda ziyan çəkən mən olaram.
◊ Aralıq adamı – 1) araçı, vasitəçi, aradüzəldən;
2) toyda, məclisdə qonaqlara xidmət edən adam;
3) avara, veyil.
Aralığa almaq – bax araya almaq (“ara”da).
Salmanın bu hərəkətinə ciddi diqqət yetirən cavanlar onu aralığa aldılar.
Aralığa atmaq – bax araya atmaq (“ara”da).
Aralığa gəlmək – ortaya çıxmaq.
…Evlənmək məsələsinin nə qədər çətin olduğu yenə də aralığa gəldi.
Aralığa gətirmək – ortaya gətirmək, meydana atmaq.
Bu inteligentlərin sözün gətirmə heç aralığa.
Aralığa söz qatmaq – kənar sözlərlə aldatmağa, fikri yayındırmağa çalışmaq.
Aralığa tökmək – sirrin üstünü açmaq, ifşa etmək, açıb söyləmək.
Aralıq qarışmaq – bax ara qarışmaq (“ara”da). Aralıq get-gedə qarışırdı.
Hər gün şəhərdən gələn bir-birinə zidd xəbərlər kənddə vəziyyəti dəyişirdi.
Aralıq sözü – bax ara sözü (söhbəti) (“ara”da).
Aralıq vurmaq – bax ara vurmaq (“ara”da).
Baxma firibinə hərzəguların; Aralıq vurmaqdı işi buların.
Aralıqda qalmaq – bax arada qalmaq (“ara”da).