Arsıl ayı (arsayı) variantı da mövcud olub. Alimlər arslan sözünü “güclü ilan” kimi şərh edirlər (canavara “qurd” deyilən yerdə, əlbəttə, şirə də “ilan” demək mümkündür): düşmən üzərinə ilan kimi qıvrıla-qıvrıla (sürünə-sürünə) hücuma keçir (sinonimi şirdir və fars mənşəlidir). Sözün qədim tərkibində ayı kəlməsinin də işlədilməsinə əsasən, arslanın “çevik ayı”, “qoçaq ayı” kimi yozulması da mümkün hesab edilə bilər. Digər yozum isə belədir: Tuva dilində (Altay dillərində də belədir) an sözü “heyvan” (ən çox maral) kimi şərh olunur. Ar sözünü türkoloqlar rənglə bağlayırlar: açıq-şabalıdı; sıl hissəsi sifət düzəldib (müqayisə et: yox və yox-sul). Deməli, ikinci yozuma görə, arslan “açıq şabalıdı rəngdə olan heyvan” kimi anlaşıla bilər. Başqa yozum da var: arıs “günah” deməkdir, lan isə çin dilində “vəhşi” mənasını verir. Rus dilindəki Ruslan sözü də arslan kəlməsinin dəyişmiş formasıdır. Qərb dialektlərində isə arsala sözü işlədilir (bud, bud əti, bud sümüyü). Görəsən, arslan sözü ilə arsala arasında əlaqə olmazmı? Arıs və arsala (güclü və bərk, dözümlü, sümük) semantik baxımdan oxşardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)