Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Radiometeoroloji müşahidələr
Radiometeoroloji müşahidələr−Azərbaycan Respublikasında atmosferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələrin radiometeoroloji müşahidələri Ağstafa, Göygöl, Şamaxı və Şəki Radiometeoroloji Stansiyalarındakı avtomatlaşdırılmış idarəetmə sistemləri — "AİS-MRL"lər vasitəsilə 250 km radiusda aparılır. Azərbaycanda radiometeoroloji müşahidələr 1967-ci ildən Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində doluya qarşı mübarizə işlərinin aparılması üzrə Xankəndi Doluya Qarşı Mübarizə Dəstəsinin yaradılması ilə başlanılmışdır. 1968-ci ildə Şamaxı, 1972-ci ildə Göygöl, 1973-cü ildə Naxçıvan, 1974-cü ildə Füzuli, 1975-ci ildə Qazax-Tovuz, 1980-ci ildə Ağdərə, 1981-ci ildə İsmayıllı, 1982-ci ildə Zəngilan, 1984-cü ildə Tovuz, Şəki və Culfa-Ordubad, 1987-ci ildə Şaumyankənd Doluya Qarşı Mübarizə Dəstələri yaradılmış və radiometeoroloji müşahidələr bu dəstələrdəki radar qurğuları vasitələri ilə də aparılmışdır. İlk illərdə bu məqsədlə hərbi təyinatlı ("DON", "SON", "Qrom" və s.) radiolokatorlardan istifadə edilmişdir. 1970-ci ildən başlayaraq radiometeoroloji müşahidələrin aparılmasında sırf meteoroloji müşahidə təyinatlı bir dalğalı (3,2 sm) "MRL-1" və "MRL-2" tipli, 1977-ci ildən isə iki dalğalı (3,2 sm və 10 sm) "MRL-5" tipli meteoroloji radiolokatorlardan istifadə olunmağa başlanılmışdır. Azərbaycanda fəaliyyət göstərmiş 13 (on üç) Doluya Qarşı Mübarizə üzrə Hərbiləşdirilmiş Dəstələrin hamısı "MRL-5" tipli meteoroloji radiolokatorlarla təmin edilmiş və istehsalata tətbiq edilmişdi. Füzuli, Zəngilan, Ağdərə və Xankəndi Hərbiləşdirilmiş Dəstələrindəki meteoroloji radiolokatorlar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qalmışdır. Şaumyan Hərbiləşdirilmiş Dəstəsindəki "MRL-5" tipli meteoroloji radiolokator ermənilər tərəfindən bütünlüklə məhv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tərkibində Milli Hidrometeorologiya Departamenti yaradıldıqdan sonra 2002-ci ildə Ağstafa və Şamaxı, 2011-ci ildə Göygöl, 2012-ci ildə Şəki Radiometeoroloji Stansiyalarındakı "MRL-5" tipli meteoroloji radiolokatorlar əsaslı təmir edilmiş, avtomatlaşdırılmış idarəetmə sistemləri ("AİS-MRL") quraşdırılaraq istifadəyə verilmişdir. Radiometeorologiyanın predmeti troposferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin öyrənilməsi, metodu — meteoroloji radiolokatorun köməyi ilə müxtəlif radiometeoroloji kəmiyyətlərin (istənilən hündürlükdə buludun və buludluğun üfüqi və şaquli kəsiklərinin, alt və üst sərhədlərinin, maksimal əksetdirmə qabiliyyətinin, hərəkət istiqamətinin və sürətinin, yağıntının intensivliyinin və miqdarının, dolunun ölçülərinin) ölçülməsi, həmçinin şimşək çaxan, yağış və dolu yağan ərazilərin və təhlükəli hava hadisələrinin (dolu, leysan, qar, şimşək, fırtına) müəyyən edilməsi və baş vermiş hidrometeoroloji proseslərin film şəklində (animasiya) göstərilməsidir. Fərdi kompüterdə yerüstü hədəflərin fonunda, fəzanın seçilmiş istənilən nöqtəsində buludluğun parametrləri ölçülür.