Azərbaycan dilinin dialektoloji lüğəti

Cəmi – 17548, məqalələr «D» – 1226
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
DA DE DI DO DU
 

DADIMAX

(Göyçay, Mingəçevir) xarab olmaq, pis dad vermək

DADIMDUZUM

(Bakı) bir az, bir tikə. – Bir qarpuzdan həreyə dadımduzum əncağ çatar

DADIMSIMMAĞ

(Salyan) dadına baxmaq. – Bir qaşıx bı xörəgdən dadımsın görəg duzu necədi?

DADIŞMAX

(Qazax) bərk-boşluğunu bilmək üçün yumurtaları dişə vurub yoxlamaq. – Dadışmasam döyüşdürmərəm

DADMƏNİTUTDULAR

(Lənkəran) erkək turac. – Dadmənitutdular oxumağa başdıyıb

DA:ƏT

(Meğri) iri, böyük, uca

DAFT

(Quba) dəf, kiçik qaval. – Üydən mənim daftımı gəti

DAĞAL

I (Ordubad) gözə düşən çöp. – Gözümə dağal düşüb II (Ağdaş, Borçalı, Cəlilabad, Füzuli, Kürdəmir, Qazax, Mingəçevir, Sabirabad, Salyan, Tovuz) 1. oyunun gedişində ümumi qaydanı pozan, cığal (Kürdəmir, Salyan) 2. davakar (Borçalı, Qazax). – Dağal adam oyına şuluğlığ salar (Salyan); – Alı yaman dağaldı (Kürdəmir); – Oynıyanda adam dağal olmaz (Füzuli); – Dağal adam insannan yole:tmer (Borçalı); – O yaman dağal adamdı (Qazax) III (Laçın, Ordubad) inadkar, sözə baxmayan. – O, dağal adamdı (Laçın) IV (Kəlbəcər, Kürdəmir, Qazax) lovğa, ədabaz. – Dağal adam yaxşı adam döy (Qazax) V (Təbriz) həyətin, bağın kənarına nazik ağaclardan çəkilən çəpər. – Bağın qıra:nnan dağal çəkirux

DAĞALLIĞ

I (Füzuli, Gəncə, Qazax, Şəmkir) cığallıq. – Dağallığ yaxşı şey də:l (Gəncə); – Onun dağallığına baxma, söz qanan adamdı (Şəmkir) ◊ Dağallığ eləməy (Salyan, Şəmkir) – oyunun qaydasını pozmaq, cığallıq etmək. – Oyunda dağallığ etməzdər (Füzuli); – Adə, sə: min dəfə demişəm, oyında dağallığ eləmə; – A gədə, dağallığ eləmə, dinç otur (Salyan) II (Şəmkir) lovğalıq. – Ona yaxın getmə, dağallığınnan bilmer nağayırsın

DAĞAN

(Göyçay, Kürdəmir, Ucar) dolaşa (quş adı). – Ta: <daha> dağan az-az görünür (Kürdəmir); – Dağda dağannar, Bir-birini boğannar, Oğlan doğannar, Bu balama qurban (Göyçay)

DAĞANAĞ

I (Salyan) qupquru. – Çörəg dağanağ olub, diş batmır II (Salyan) çuqun qab

DAĞANAX

(Təbriz) əl hanasının bir hissəsi. – Bizim hananın dağanağı əmməgildədi

DAĞAR

I (Ağdam, Cəbrayıl, Kəlbəcər, Kürdəmir, Quba, Oğuz, Salyan, Şamaxı) bax daqar I. – Dur dağarı bura gəti (Şamaxı); – Dağarı sua qoyqınan yımşalsın (Salyan); – Dağarda taxıl saxlıyıllar (Oğuz); – Bir dağar un gətidim (Ağdam); – Əli, o dağarı də:rmənə apar (Kəlbəcər) II (Bakı, Əli Bayramlı, Sabirabad, Salyan, Şamaxı, Şəmkir) bax dağal IV. – Əli çox dağar adamdi, bazarda iras gəldi, salamımı almadı (Şamaxı); – Ə, nə dağarsan, otu çörək yi də (Bakı); – Sən dağar adamsan, sənnən acığım gəlir (Salyan) ◊ Dağar-dağar danışmağ (Şamaxı) – lovğa-lovğa danışmaq. – Nə dağar-dağar danışırsan III ( Tovuz) bax dağal II. – O, dağarın biridi IV (Göyçay) yekəqarın

DAĞARCIXLAMMAX

(Çənbərək) lovğalanmaq. – Ay dıdı Şəmşi, nə dağarcıxlanırsaη?

DAĞAVAR

(Bərdə, Borçalı, Qazax) 1. dağlıq (Borçalı, Qazax) 2. dağətəyi (Bərdə). – Dağavar yerdə meyvə, üzüm yaxşı olar; – Bura dağavar yerdi, dağ çoxdu (Borçalı); – Kəhlik dağavar yerdə çox olur (Bərdə); – Dağavar kətdərin də ayrıja dili var (Qazax)

DAĞBƏSƏR

(Bakı) dağüstü. – O kətdər dağbəsər kətdərdi; – Dağbəsər kətdər sərin olur

DAĞÇI

(Qazax) yay mövsümündə dağda yaşayan adam. – Dağçılar gəldilər

DAĞDAĞA

(Tabasaran) çaxçax (dəyirmanda)

DAĞDAĞAN

(Meğri, Zəngibasar) gözə – nəzərə gəlməmək üçün uşağın və ya heyvanın boynundan asılan bəzəkli kiçik dağdağan ağacı. – Eynulla dayısi Şövqiyə bir dağdağan qəyırdı (Meğri)

DAĞI

(Dərbənd, Tabasaran) 1. daha. – İki qərəm <kərə> gəldi, dağı qəlmədi (Tabasaran) 2. başqa. – Nöyrüzdən dağı heç kim gəlmiyitdi (Dərbənd)