Sözün ay hissəsi qabaqlar yalçuq kimi işlədilmiş göy cisminin (луна) adıdır. Az hissəsi isə ulduz, gündüz sözlərindəki -duz, -düz komponentləri ilə qohumdur; “işıq, od” mənalı söz olub, sonra şəkilçiyə çevrilib. Cız-bız, uşaq nitqindəki dızza (cız) sözləri də “işıq, od” anlamları ilə bağlıdır. Sözün etimoloji mənası “ay işığı” deməkdir. Radlov bu sözü rus dilinə “свет луны” kimi tərcümə edir. İndi buludsuz, açıq havalı soyuq günlərə “ayaz” deyirlər. Səbəbi isə odur ki, bulud olmayanda Ayın işığı aydın görünür. Aydın və ayaz sözləri kökdaş kəlmələrdir. “Aydın”dakı -dın hissəsi dan ulduzu birləşməsindəki dan sözünün şəkilçiləşmiş formasıdır. Başqa yozum da mümkündür: ayaz sözü bəyaz (ağ) sözünün dəyişmiş formasıdır. Bəyaz gecələr ifadəsi də bunu sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)