ÇIXARMAQ

f.
1. Bir şeyi bir yerdən kənar etmək, xaric etmək, dışarıya atmaq.
// Bir yerdən götürüb başqa yerə qoymaq. Mebeli otaqdan çıxar(t)maq.
[Mehriban] vaxtın gec olmasına baxmayaraq, küçə balkonuna bir masa çıxarıb, süfrə düzəltdi. S.Hüseyn.

2. Bir şeyin içərisində olan başqa bir şeyi oradan götürmək. Cibindən pul çıxar(t)maq.
[Qoca] kisəsini cibindən çıxardı. H.Nəzərli.
Şərəfoğlu stolun alt gözünü açdı, oradan işlətmədiyi üçün tozlanmış bir külqabı çıxardı. M.İbrahimov.

3. İşdən, vəzifədən, məktəbdən və s.-dən xaric etmək; azad etmək. Vəzifədən çıxar(t)maq.
[Kərbəlayı:] Sabah işdən çıxararlar, qalaram başıma döyə-döyə. H.Nəzərli.

4. Qərar vermək, hökm vermək, təklif etmək.
Əlbəttə, dəlilsiz, sübutsuz, mühakiməsiz və məntiqsiz heç bir zaman ədalətli bir hökm çıxarmaq olmaz. S.Rəhimov.
İclas öz-özünə dağıldı, heç bir qərar çıxarmadılar. M.Hüseyn.

5. Paltarını, ayaqqabısını, papağını və s. kənar etmək; soyunmaq. Papağını çıxar(t)maq.
– Mirbağır ağa girir, başmaqlarını çıxardır, salam verir. C.Məmmədquluzadə.
Nazlı əynindəki tünd-şabalıd rəngli ipək köynəyini çıxartdı. S.Rəhman.

6. Bitdiyi, yapışdığı, girdiyi yerdən çəkərək kökü ilə birlikdə qoparmaq. Ağrıyan dişi çıxar(t)maq. Şitil çıxar(t)maq.
– …Çöplü çuxurun kolunu qırır, kötüyünü maşınlar çıxarırdı. Ə.Vəliyev.

7. Təhlükəli yerdən uzaqlaşdırmaq, başqa, təhlükəsiz yerə köçürmək.
Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı… M.Hüseyn.
Zəhra Məmmədova o gecə 25 yaralını silahları ilə bərabər döyüş meydanından çıxartdı. Ə.Vəliyev.

8. Zorla olduğu yerdən çıxmağa məcbur etmək; qovmaq. Sürünü əkin yerindən çıxar( t)maq.
– Yazıq Hacı Mirzə Həsən ağa, niyə səni qatır üstə mindirib, Təbrizdən çıxardıb qovdular? C.Məmmədquluzadə.
Mirzə Qədir evindəki kirəçilərdən heç birini dışarı çıxara bilməyəcəkdi. S.Hüseyn.

9. Müvəqqəti olaraq yaşadığı yerdən başqa yerə aparmaq. Uşaqları yayda şəhərdən çıxar(t)maq.
– Yaz gəlmişdi, Qəhrəman ailəsini bir yana çıxarmaq barəsində düşünürdü. S.Rəhimov.

10. Nəşr etmək, çap etmək, buraxmaq.
C.Məmmədquluzadənin təsvirinə və tarixi sənədlərə görə o zaman Azərbaycan dilində qəzet çıxarmaq çox çətin məsələ imiş. M.İbrahimov.

11. Yerin altından istehsal etmək. Neft (qaz) çıxar(t)maq.
– Atam gümüş çıxardığı halda, qızına bir gümüş medalyon da ala bilməmişdi. S.Vəliyev.

12. Yara, səpmə və s. əmələ gəlmək. Çiban çıxar(t)maq. Yara çıxar(t)maq.
– Amma sonra haman uşaq çiçək çıxardır. C.Məmmədquluzadə.

13. Hündür bir yerə qaldırmaq, aparmaq. Şiferləri dama çıxar(t)maq.
14. dan. Oynamaq, göstərmək, nümayiş etdirmək.
Qədim vaxtlarda komediyanı yunanilər gülüş üçün çıxardırdılar. N.Nərimanov.

15. Atmaq, pozmaq, qaralamaq. Əlyazmasının beşinci abzasını çıxar(t)maq.
16. dan. Boşamaq, ayrılmaq. Arvadını çıxarmaq.
17. Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs:. təmizə çıxar(t)maq, əldən çıxar(t)maq, ad çıxar(t)maq, oyun çıxar(t)maq, yaddan çıxar(t)maq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇIXARMAQ gəzdirmək
  • ÇIXARMAQ soyunmaq
  • ÇIXARMAQ çəkmək — qoparmaq — dartmaq
  • ÇIXARMAQ aparmaq — gətirmək
  • ÇIXARMAQ götürmək — qovmaq
ÇIXARMA
ÇIXARTDIRMA

Digər lüğətlərdə

медя́нка наре́зчица обандеро́ливаться оди́н за други́м отплести́сь поговори́ть продолби́ть размета́ть расска́зишко ремо́нтник соотнесённый движко́вый позарыва́ть скру́чивание ражий чаять bassoonist diffluence slender tea-strainer transpeciate yellow fever mosquito англиканский пенициллин ребёнок