1. is. Arvadın qanuni və məhrəm yoldaşı olan kişi; zövc.
Dedi kim, bu məzarıdır ərimin; Ol üzü gül, boyu sənubərimin. S.Ə.Şirvani.
Zeynəb … ərinə deyirdi: – Bilmirəm, mən olmasaydım, sən … necə yaşıya bilərdin? S.S.Axundov.
Arvad qab dəsmalı ilə yaşarmış gözlərini silib ərinin qabağında döyükə-döyükə qaldı. S.Rəhman.
□ Ərə getmək – nikahlanmaq, birinin arvadı olmaq.
[Nənəcan] bir qarından ötrü ərə getməkdən dul yaşamağı əfzəl bilirdi. N.Nərimanov.
[Pəri:] Fəqət ərə getmək asanmı? C.Cabbarlı.
[Gülnaz:] Yox, yox, mən səndən başqa özgəsinə ərə getməyəcəyəm. Ü.Hacıbəyov.
Ərə vermək – nikahlatmaq, öz qızının, bacısının və s.-nin biri ilə nikahlanmasına razı olmaq.
[Sərvər:] …Atan səni bir özgəsinə ərə vermək istəyir. Ü.Hacıbəyov.
2. sif. və
is. Sözündə möhkəm, mərd; qəhrəman, igid, qoçaq. Yaxşılığa yaxşılıq hər kişinin işidir; Yamanlığa yaxşılıq ər kişinin işidir. (
Ata. sözü ).
[Orxan:] Ər kişidə olur bir söz, bir məram. H.Cavid.
[Altunbay:] Səndə doğrudan da bir ər ürəyi varsa, açıq söylə; Solmazı çoxmu sevirsən? C.Cabbarlı.
◊ Ər oğlu ər – igid, qəhrəman.
[Nəbi:] Bizimkilərdir; Qəhrəmanla Vəli ər oğlu ərdir. S.Rüstəm.