MÖHKƏM

sif. [ər.]
1. Davamlı, bərk. Möhkəm sədd. Möhkəm divar. Möhkəm ip. Möhkəm taxta. // Zərf mənasında. Bərk-bərk, kip. İpləri möhkəm bağlamaq.
2. Sağlam, davamlı, dözümlü, qüvvətli. ..Qaraş möhkəm və sağlam idi. M.İbrahimov. // Zərf mənasında. Bütün gücü ilə, bacardığı qədər; bərk. Möhkəm ilişdirmək. – Batalyon komissarı .. döyüşçünün əlini möhkəm sıxıb onu azad etdi. Ə.Vəliyev. [Qız] yastığının altında gizlətdiyi baltanı əlində möhkəm sıxaraq yerindən sıçradı. H.Seyidbəyli.
3. Səbatlı, mətin, dönməz, yenilməz. [Elçin:] Nə boran, nə qar, nə də şaxta [neftçilərin] möhkəm iradəsini qıra bilməz. Z.Xəlil. // Mətanətli, iradəli. Möhkəm adam. – ..Ağıllı, qonur gözləri onun möhkəm xasiyyətli olduğunu göstərirdi. S.Vəliyev. Hər şeydə möhkəm, sözünün üstündə duran, inadcıl, amansız olan Baxış bəyin bir zəif tərəfi vardı. Ə.Abasov. _ Möhkəm dayanmaq – səbat göstərmək, inad göstərmək, bərk dayanmaq. [Əmrulla:] Başınıza dönüm, möhkəm dayanın, yoxsa bütün şəhərdə biabır olarıq. C.Cabbarlı. Elçin sözünün üstündə möhkəm dayandı. M.Rzaquluzadə. // Sədaqətli, etibarlı, sadiq. İndi isə buralarda [Malikin] Sona kimi çoxlu sadiq və möhkəm dostları vardır. M.İbrahimov.
4. Sarsılmaz, alınmaz, yenilməz. Möhkəm qala. Möhkəm yerdə məskən salmaq.
5. Güclü, şiddətli, bərk. Möhkəm qar yağır. Möhkəm soyuqdur. // Zərf mənasında. Çox, olduqca, hədsiz, həddindən artıq. Möhkəm acmışam. // Ümumiyyətlə, bir şeyin şiddətini, dərəcəsini bildirir. Möhkəm tapşırmaq. Möhkəm xəstələnmək. // Doyunca, kifayət qədər. Yox, yox, lazım deyil. Lap möhkəm yedim, – deyə Əlyarov boşqabın qırağından yapışıb buraxmadı. M.Hüseyn. Yas yerində qarnını möhkəm doyuran Hümmətlə Qarakişi öz həyətlərinə doğru gedirdilər. B.Bayramov.
6. zərf Əməlli-başlı, əsaslı, layiqli, lazımi. [Kəndli:] Qərəz, bir qədər yas saxladıqdan sonra, kiçik oğluna möhkəm bir toy elədi. (Nağıl). Qəbul olundu ki, inşaat institutunda rəhbər işçilərə möhkəm əl gəzdirilsin. Mir Cəlal. möhkəm-möhkəm zərf Bütün gücü ilə, var qüvvəsi ilə, möhkəm, bərk-bərk. Möhkəm- möhkəm tutmaq. – Həbib isə körpə qızı möhkəm-möhkəm bağrına basıb danışıqlara ciddi qulaq asırdı. Ə.Vəliyev. [Rüstəm:] Mən inanıram, qoy uşaq da, böyük də bu işdən möhkəm-möhkəm yapışsın. S.Rəhimov.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

MÖHKƏM 1. прочный, крепкий, устойчивый, стойкий; 2. крепко, прочно; ətraflı

Azərbaycanca-rusca lüğət

MÖHKƏM I прил. 1. крепкий: 1) прочный, такой, который трудно сломать, разбить, повредить и т. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

MÖHKƏM bərk — davamlı — dözümlü — sabit — dayanaqlı — mətin — mətanətli ətraflı
MÖHKƏM sağlam — qıvraq — canıbərk ətraflı
MÖHKƏM sarsılmaz — alınmaz — yenilməz ətraflı
MÖHKƏM güclü — şiddətli — bərk ətraflı

Azərbaycan dilinin antonimlər lüğəti

MÖHKƏM MÖHKƏM – ZƏİF Mənim başım da, möhkəm qollarım da var (Ə. ətraflı

Author: Obastan; Publisher: Obastan