is. 1. Xörək bişirmək, su, yaxud evi qızdırmaq üçün bir tərəfi açıq, üç tərəfi daşdan, kərpicdən hörülmüş kiçik tikili; ümumiyyətlə, od yandırmaq üçün yer. Ocağa odun qoymaq. Ocaqda xörək bişirmək.
– Kərbəlayı Qurban başmaqlarını çıxardıb ocağın qırağında oturdu. Çəmənzəminli.
Daxma qaranlıq idi, ancaq ocağın işıltısından künc-bucağı seçmək olurdu. Ə.Vəliyev.
□ Ocaq qalamaq – ocağa odun qoyub yandırmaq.
Bu, əti doğrayır, o, ocaq basır; Bu, çörək bişirir, o, qazan asır. H.K.Sanılı.
[Məzlum Aslana:] Dünən [komendantın] otağında ocaq qalayırdım. S.Vəliyev.
2. xüs. Sobanın və ya buxar qazanının yanacaq yandırılan yeri, hissəsi. Parovozun ocağı.
– Nəhəng ocaqların yeknəsəq uğultusu eşidilirdi. H.Seyidbəyli.
//Kirəc yandırılan yer.
3. din. Pir, müqəddəs yer, ziyarətgah.
[Sönməz:] Ərəblər əvvəlləri heç olmazsa böyük mərkəzlərdəki ocaqlara, ibadətxanalara toxunmurdular. C.Cabbarlı.
Şəhərdə böyük möcüzələr görünmüşdü, çoxlu ocaqlar, pirlər zühur etmişdi… Çəmənzəminli.
4. məc. Doğma ev, ev-eşik, yurd.
Göz dikərək yad ellərin şəfa verməz ocağına; Böylə qərib bir parçacıq, kəfənsizmi öləcəyəm? A.İldırım.
5. məc. Bir şeyin olduğu, törədiyi, yayıldığı yer; mərkəz; mənbə. Maarif ocağı. Elm ocağı.
◊ Ocaq yanmasa tüstü çıxmaz – bir şeyin səbəbsiz olmadığını, bir şey haqqında əsassız danışılmadığını bildirən atalar sözü.
Nə isə, ocaq yanmasa tüstü çıxmaz, deyiblər. B.Bayramov.
Ocağını söndürmək (kor qoymaq) – evini xaraba qoymaq, ailəsini dağıtmaq.
[Turac Gülsabaha:] Sən neçin bizim ocağımızı söndürürsən? C.Cabbarlı.