Azərbaycan dilinin izahlı lüğətində TƏBİİ sözün mənası. Толковый словарь азербайджанского языка.

sif. [ər.]
1. Təbiətə (yer səthinə, iqlimə, heyvan və bitki aləminə və s.) məxsus olan, təbiət tərəfindən yaradılmış. Ölkənin təbii sərvətləri. Təbii sərhədlər. Təbii otlaqlar.
2. Təbiət qanunlarından irəli gələn, törəyən, onlardan asılı olan. Təbii ölüm.
3. Anadangəlmə, fitri. Üzün təbii rəngi. – Hüseyn öz təbii gözəlliyə malik səsinə hakim, bu səsi məharətlə idarə etməyi bacaran bir aktyor idi. S.Rəhman.
4. Adi, normal. Bu iş bizə təbii göründü. – Səadət və əmin-amanlıq məişətimizin əsil rəngi, əsil boyası kimi təbii və adi bir şey idi. M.İbrahimov.
5. Həqiqi, əsil, natural (süni əksi). Təbii ipək. Təbii dəri. – Deməli, təbii mis və ya təbii kükürd izotopların qarışığından ibarətdir. C.Zülfüqarlı.
6. Ara s. Əlbəttə, yəqin ki, şübhəsiz ki. Təbii, siz də iştirak edəcəksiniz.
7. Təbiidir, təbiidir ki şəklində ara s. – adi haldır, normaldır, belə də olmalıdır. Təbiidir ki, bu inam kolxoz sədri Rüstəm kişinin ürəyində daha güclü idi. M.İbrahimov. ◊ Təbii halından çıxmaq (çıxarmaq) – adi halından çıxmaq (çıxarmaq), hirslənmək (hirsləndirmək). Bu cür söhbətlər sıra ilə duran qızları təbii halından çıxarmaqda idi. M.S.Ordubadi. Təbii seçmə biol. – canlı təbiətin elə bir inkişaf prosesidir ki, bu prosesdə həyatın dəyişməkdə olan şəraitinə ən çox uyğunlaşan orqanizmlər yaşayıb öz varlığını saxlayır. Darvin yaxşı uyğunlaşanların qalmasına və pis uyğunlaşanların tələf olmasına təbii seçmə adını vermişdir. M.Axundov.
← TƏBİƏTŞÜNASLIQ

is. Təbiət hadisələri və qanunauyğunluqları haqqında elm; təbiət elmləri.

TƏBİİLİK →

is. Təbii, qeyri-süni şeyin halı (sünilik əksi).