is. 1. Bir sənəti lazımınca, əsaslı surətdə öyrənib onunla məşğul olan adam; sənətkar.
Bununla belə onun bircə nəfər həqiqi dostu var idi: saatsaz usta Zeynal. Ə.Haqverdiyev.
Usta Fərrux işdən kefi kök qayıtmışdı. B.Bayramov.
// Peşə, sənət öyrədən şəxs; tərbiyəçi, müəllim.
[Yusif] varid oldu Həmədana, orada usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib, Qəzvinə müraciət etdi. M.F.Axundzadə.
// Öz işində böyük bacarıq və məharət qazanmış mahir adam, mahir sənətkar. Bədii söz ustası. İncəsənət ustalarının konserti. Üzümçülük ustası.
– Usta gəmiçilər tufanda belə; Sükanı düz tutar öz əllərilə. S.Vurğun.
[Rəssam] öz sənətinin bacarıqlı bir ustası idi. M.Hüseyn.
// məc. Ümumiyyətlə, mahir, bacarıqlı, zirək adam haqqında.
[Aslan bəy:] Xeyr, lazım deyil, … Əhməd özü ustadır, əldən qoymaz. N.Vəzirov.
Bişirdiyi xörəyin şirin yeyilməsindən bildi ki, o hər şeydə naşı olsa da, əlsuyu verməklə aş bişirməkdə ustadır. Mir Cəlal.
□ Usta tərpənmək – zirəklik göstərmək, zirək tərpənmək, biclik işlətmək.
Siyasət həmişə bir oyuncaqdır; Kim usta tərpənsə, o udacaqdır. S.Vurğun.
2. İstehsalatda, uçuşda və s.-də inzibati və texniki rəhbərliyi həyata keçirən şəxs. Növbə ustası. Buruq ustası.
3. Ən görkəmli idmançılara verilən ad və bu adı daşıyan şəxs. Əməkdar idman ustası.