Azərbaycan dilinin izahlı lüğətində ÇAĞIRIŞ sözün mənası. Толковый словарь азербайджанского языка.

is.
1. Çağırma, səsləmə; çağırma səsi.
[Qəhrəman] dayanıb bu çağırış səsini dinləyirdi. S.Rəhimov.
Şahpəri altdanüstdən geyinib Daşdəmirin çağırışına getdi. B.Bayramov.

2. Bir rəhbər ideyanı, siyasi tələbi qısa şəkildə ifadə edən müraciət; şüar.
[Nizami:] …Qızıl Arslanın çağırışına birinci növbədə mən səs verirəm. M.S.Ordubadi.

3. Bir iş görmək, vəzifəsini yerinə yetirmək üçün tələb və ya xahişlə bir yerə gəlmə.
[Həsən ağanın] oğlu anasının çağırışını dərhal başa düşdü və yapıncılı-çuxalı eyvana çıxdı. İ.Şıxlı.

4. bax çağırış vərəqəsi.
Ağabala hələ indiyə qədər çağırış almamışdı. Mir Cəlal.

□ Çağırış vərəqəsi – bir yerə çağırılmaq haqqında qısa yazılı məlumat, çağırış. Məhkəmədən çağırış vərəqəsi almaq.
– Birdən Gəray çağırış vərəqəsini masanın üstə qoyub dilləndi. Ə.Əbülhəsən.

← ÇAĞIRIM

is. Səs gedib çatan məsafə. İki çağırım qədər getmişdik ki, uzaqda biçinçilərin oraqlarının qat-qarışıq səsləri qulağımıza yetişdi

ÇAĞIRIŞÇI →

is. Hərbi xidmətə çağırılan adam (gənc). Bakıda Firidunu növbəti çağırışçılara qoşub, Tbilisiyə göndərdilər