AXIR

is.
1. Son, nəhayət; bir şeyin son nöqtəsi, qurtaracağı. Yolun axırı. İşin axırı. Qışın axırı. İclasın axırı. Mahnının axırı. İlin axırına az qalır. Şəhərin axırında yaşayıram. – [Mirzə Fətəli:] Hər bir qaranlığın axırı işıqdır. Ə.Haqverdiyev. // sif. Axırıncı, sonuncu. Axır sözün nədir? – Bu il nə cür olursa məktəbə getməyi qərara almışdım. Yayın axır ayından anamın qulağını doldurmağa başladım. M.İbrahimov.
2. Aqibət, nəticə, son. İşin axırı necə oldu? Bu uşağın axırı necə olacaq? – [Miraxur:] Heyif ki, sən də arvad felinə düşübsən. Gəl bu daşı ətəyindən tök! Axırı yoxdur. Çəmənzəminli. [Turac:] Kitabda yazılan sevgilərin axırı eyzən dava-şava olur. İ.Əfəndiyev.
3. Axırda, nəticədə, nəhayət(də) (bəzən “axırı” şəklində işlənir). Geyinmisən yaşıl üstdən alı sən; Axır bizi eşq oduna salısan. (Qoşma). Öldürdün axır, məndəki can qalmadı əsla. M.P.Vaqif. Ey gül, sənə əvvəldə xiridar mən oldum; Axır nəzərində hamıdan xar mən oldum. S.Ə.Şirvani. Axırı biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr səni aparar! C.Məmmədquluzadə.
4. məc. Ölüm, son nəfəs. Onun axırına az qalıb. – [Rus qızı:] Təəssüf ki, mən sənə qoşula bilməyəcəyəm. Hiss eləyirəm ki, axırımdır. C.Məmmədquluzadə.
5. B a x axı. Bahari-zahirin axır nədir tamaşası; Həmişə dildə sənin solmayan baharın var. S.Ə.Şirvani. Axır nə səbəb söz deməyə qüdrətin olsun? M.Ə.Sabir. [Mirzə Məmmədəli:] A kişi, mən bilmirəm ədib nədi, axır ey! C.Məmmədquluzadə. [Kəndlilər:] Bəy, axır yağış yağmayır, nə etməli? Ə.Haqverdiyev. ◊ Axır çərşənbə – Novruz bayramı ərəfəsinə düşən sonuncu çərşənbə günü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər. M.İbrahimov. Axır ki – b a x axırı ki (“axırı”da). Axır qoymaq – son qoymaq, nəhayət vermək. [Şamo:] Bu vurhavura bir axır qoymaq olacaqmı? S.Rəhimov. Axır nəfəs – ölüm. Etdim axır nəfəsimdə ləbi-cananə təmə; Ölürəm, eybi nədir, gər eləsəm canə təmə. S.Ə.Şirvani. [Səlimnaz xanım:] Bu saat hazır olur; çaysız hara gedirsiniz! ..Saat üçəcən ac qalsan gündə, axır nəfəsin olar. N.Vəzirov. Axıra qalmaq – Bir şeyin sırasında sonuncu, ən axırdakı olmaq, ən axırda gəlmək. Axıra yetirmək (çatdırmaq) – qurtarmaq, tamamlamaq, başa çatdırmaq. Lağlağı .. sözümü kəsib, qoymadı vərəqi axıra yetirəm; mən sakit oldum və o özü başladı oxumağa. C.Məmmədquluzadə. Axıra yetmək (çatmaq) – qurtarmaq, tamamlanmaq, başa çatmaq. Axırı bir yana çıxmaq – bir nəticə vermək, bir şeylə nəticələnmək. [Nəcəf bəy:] Gedib orada işləsin, bəlkə axırı bir yana çıxa. Ə.Haqverdiyev. Axırı xeyir olmaq – nəticəsi yaxşı olmaq, xoşbəxtliyə, ağ günə çıxmaq. Axırı xeyir olsun! – birisinə uğurlar, yaxşılıq diləmək üçün deyilir. Axırı olmaq – 1) bitmək, qurtarmaq; 2) gələcəyi olmaq, nəticəsi olmaq, sonu olmaq; 3) əldən düşmək, üzülmək, yorulmaq. Axırına daş atmaq, axırına çıxmaq – 1) məhv etmək, yox etmək, puç etmək. Bu qədər fitnə və feil tamam sənin işin imiş, Allah qoysa, sənin axırına çıxaram! M.F.Axundzadə; 2) qurtarmaq, hamısını işlətmək, ya xərcləmək (boş yerə, səmərəsiz). Axırını eləmək – öldürmək, işini bitirmək. [Şirin:] Hələ dur! Dur, yoxsa axırını elərəm... N.Vəzirov. Yoxsa mənim axırımı eləməyə gəlibsən? Ə.Haqverdiyev. Dünyanın axırı – qiyamət. [Feyzi:] Yəqin dünyanın axırıdır! Ə.Haqverdiyev. axır-axırda b a x axırda 2-ci mənada. Köhnə ili yaxşı başa vurmuşdum, amma axıraxırda işlər korlandı. “Kirpi”.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

AXIR конец, исход, окончание ətraflı

Azərbaycan dilinin dialektoloji lüğəti

AXIR (Bakı) içərisi yonulmuş bütöv daş (üzüm şirəsi çıxarmaq üçün). – Bı üzim iki axırdan artığ olmaz ətraflı

Azərbaycanca-rusca lüğət

AXIR I сущ. 1. конец (предел, последняя грань чего-л.). Noyabrın axırı конец ноября, ilin axırı конец года, iş gününün axırı конец рабочего дня, axıra qədər до конца 2. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

AXIR son — nəhayət — qutaracaq ətraflı
AXIR aqibət — nəticə — son ətraflı
AXIR axırda — nəticədə ətraflı
AXIR ölüm ətraflı

Azərbaycan dilinin omonimlər lüğəti

AXIR AXIR/AXUR I is. İçərisi yonulmuş, mala yem tökmək üçün nov. ətraflı

Azərbaycan dilinin antonimlər lüğəti

AXIR AXIR – ƏVVƏL Hər şeyin əvvəli, axırı olur (R.Rza). ətraflı

Azərbaycan dastanlarının leksikası

AXIR Bax: axur. (“Koroğlu” dastanının lüğəti) ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

AXIR Bu söz ərəb mənşəlidir, axirət kəlməsi ilə eyni kökə malikdir, “son” deməkdir. (Bəşir Əhmədov. Etimo ətraflı

Author: Obastan; Publisher: Obastan