Elşən Ağagülov
Elşən Etibar oğlu Ağagülov (1 iyun 1979, Alpan, Quba rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, "Qarabağ" ordeni kovaleri.
== Həyatı ==
Elşən Ağagülov 1 iyun 1979-cu ildə Quba rayonunun Alpan kəndində anadan olub. Alpan kənd orta məktəbini əla qiymətlərlə bitirib. Hələ orta məktəbdə oxuyan zaman hərbçi olacağını qarşısına məqsəd qoyub. Bu sənəti seçməkdə atasının da tövsiyəsi əhəmiyyətli rol oynayıb. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə sənəd verir və həmin il də qəbul olub və 2000-ci ildə məktəbi əla qiymətlərlə bitirərək zabit kimi xidmətə başlayır. Elşən Ağagülovun Eldəniz adlı digər qardaşı Ağdam istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və 1996-cı ildə haqq dünyasına qovuşub. Böyük qardaşı Şəhriyar Ağagülov da Azərbaycan Ordusununun zabitidir.
== Hərbi xidməti ==
Azərbaycan Ordusunun polkovniki olan Ağagülov Elşən 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı ilk gündən sona qədər döyüşlərin komandanlarından biri olub. Hərbi hissənin qarşısına qoyulmuş tapşırıqları vaxtında və dəqiq yerinə yetirib.