Rəvan Tohidoğlu
Rəvan Tohidoğlu (Tam adı: Rəvan Tohid oğlu Səmədov; d.13 dekabr, 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı yazıçı, hüquqşünas, dövlət qulluqçusu, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2004) və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (2008); Dünya Gənc Türk Yazarlar Birliyinin sədri (2013–2014).
== Həyatı ==
Rəvan Tohidoğlu 1983-cü il dekabrın 13-də Bakı şəhərində anadan olub. Orta məktəbi, həmçinin uşaq musiqi məktəbini 2001-ci ildə bitirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini 2005-ci ildə bakalavriat, 2007-ci ildə magistratura səviyyəsi üzrə fərqlənmə diplomları ilə bitirib, 2007–2011-ci illərdə həmin fakültənin aspiranturasında (doktoranturasında) təhsil alıb. 2011–2012-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Çivninq təqaüdçüsü olub və Lids Universitetinin Hüquq fakültəsinin magistraturasını fərqlənmə diplomu ilə bitirib. Daha sonra "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü olub və 2013–2018-ci illərdə Birləşmiş Krallığın Bristol Universitetinin Hüquq fakültəsinin doktoranturasında təhsil alıb, elmi-tədqiqat işini uğurla müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
== İş təcrübəsi ==
2003-cü ildə "Hüquq+Gənclik" elmi-kütləvi hüquq jurnalını təsis edib və 2008-ci ilədək jurnalın redaktoru kimi fəaliyyət göstərib. 2005–2006-cı illərdə "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin hüquqşünası, 2006–2008-ci illərdə həmin təşkilatın icraçı direktoru olub. 2005–2008-ci illərdə həmçinin həmin təşkilatın nəşr etdirdiyi "Məhkum və cəmiyyət" qəzetinin redaktoru olub. 2008–2012-ci illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatında
böyük məsləhətçi, 2012–2014-cü illərdə və 2018-ci ildə sektor müdiri vəzifəsində çalışıb.