Aşıq Şakir
Aşıq Şakir Hacıyev (1922, Xəlilli, Ağsu rayonu – 1978) — məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri.
== Həyatı ==
Aşıq Şakir 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində dünyaya gəlmişdir. Sonralar Kürdəmir şəhərində yaşamışdır.1939-cu ildə Ərəbmehdiyev kənd məktəbinin 8-ci sinifini bitirmişdir.
Aşıq Mirzə Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq qüdrətinə görə bir məktəbə çevrilib, Şirvan aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərib. Aşıq Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olmuşdu. Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü yaşayırdı, söyləsək, yəqin ki, yanılmarıq.
Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. "Kəndimiz", "Maral", "Telli sazım", "Nə bağ bildi , nə də bağban", "Şirvan şikəstəsi", "Döymə Kərəm", "Bakı", "Bala nərgiz" havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, mugam sənətinin də mahir bilicisi və bənzərsiz ifaçısı olmuşdur.
Aşıq Şakir aşıq sənətinə yeni nəfəs gətirmişdi.