Ağdabanlı şair Qurban
Ağdabanlı şair Qurban (1859, Dəmirçidam – 1934, Dəmirçidam, Kəlbəcər rayonu) — Azərbaycanın el şairi.
== Həyatı ==
Qurban Məşədi Məmmədalı oğlu 1859-cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olmuş, sonralar Ağdabana köçərək ömrünün sonuna kimi, yəni 1925-ci ilədək orada yaşamışdır. Azərbaycan və fars dillərində mükəmməl mədrəsə təhsili almış Qurban Məşədi Məhərrəm oğlunun çoxlu qoşma, gəraylı, müxəmməs, divani, təcnis və s. formalarda şeirləri dillər əzbəri olmuşdur, hərçənd, repressiya illərində şairin əlyazmalardan ibarət bir neçə kitabı öz qohumları, sonralar isə erməni vandalları tərəfindən yandırılaraq məhv edilmişdir".
Ağdabanlı Qurban uzun müddət ozan-aşıq kimi təqdim edilib. Bu da ondan irəli gəlib ki, aşıq ədəbiyyatından məlum olan divani, təcnis, qoşma, gəraylı, müxəmməs formalarında, bir sözlə, heca vəznində yazıb yaradan şairlərə eyni zamanda aşıq kimi baxıblar. Ağdabanlı Qurban da məhz buna görə uzun müddət aşıq kimi təqdim edilib. Lakin müasirlərinin xatirələrindən məlum olur ki, o, heç vaxt saz götürüb toy-nişanda, yaxud da başqa əlamətdar günlərdə özünü aşıq kimi göstərməyib, hərçənd, ustadsayaq saz çalıb-oxumağı var imiş. Aşıq Ələsgər kimi məşhur ustadlarla dostluq etməsi bir daha göstərir ki, Ağdabanlı Qurban nəinki müasirlərinə, sonrakı nəsillərə də örnək söz ustası olmuşdur. Miskin Abdal nəsil şəcərəsinin davamçısı, o ocaqdan od götürmüş Ağdabanlı Qurbanın Aşıq Ələsgər, Növrəs İman və Bimar Əli ilə maraqlı deyişmələri yaddaşlardan yazılı ədəbiyyata köçürülüb.