Bəyimxanım Vəliyeva
Bəyimxanım Vəliyeva (tam adı:Bəyimxanım Ənvər qızı Vəliyeva; 20 sentyabr 1989, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015), Beynəlxalq Muğam Mərkəzinin solisti (2019).
== Həyatı ==
Vəliyeva Bəyimxanım Ənvər qızı 1989-cu il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1998-ci ildə "Bülbül" adına orta ixtisas musiqi məktəbinin xanəndəlik ixtisası üzrə Ağaxan Abdullayevin muğam sinfinə daxil olmuş, 2007-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Milli Konservatoriyasının "Solo oxuma" fakültəsinə daxil olmuş, 2011-ci ildə Konservatoriyanın bakalavr pilləsini qırmızı diplomla bitirmiş, elə həmən il də Konservatoriyanın "Magistr" pilləsinə daxil olmuşdur. 2013-cü ildə Milli Konservatoriyanın Magistr pilləsini də qırmızı diplomla başa vuran Bəyimxanım, 2014-cü ildə Azərbaycan Milli Konservatoriyasının "Doktorantura" pilləsinə qəbul olmuşdur. 2017-ci ildə "Doktorantura" pilləsini tamamlayan Bəyimxanım 2022-ci ildə "Xan Şuşinskinin ifaçılıq xüsusiyyətləri və muğam sənətində tutduğu yer" adlı elmi işini müdafiə edərək "Fəlsəfə doktoru" elmi dərəcəsinə layiq görülmüşdür.
== Ailəsi ==
Ailəlidir, beş övladı var.
== Karyerası ==
İlk dəfə 1992-ci ildə Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" mahnı və rəqs ansamblının solisti olaraq Azərbaycan Dövlət Televiziyasında "Nargilə" mahnısı ilə çıxış etmişdir.
- 1994-cü ildə Respublika üzrə keçirilən bağçalar və məktəblərarası müsabiqədə "Ananın səsi" mahnısı ilə 1-ci yerə layiq görülmüş;
- 1996-cı ildə keçirilən "7–17" müsabiqəsinin qalibi olmuş;
— 1997-ci ildə "Pöhrə-97" müsabiqəsinin laureatı olmuş;
- 1997-ci ildə keçirilən "İstedadlar axtarırıq" müsabiqəsinin Fəxri Diplomuna layiq görülmüş;
- 1998-ci ildə "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi II "Uşaq Muğam festivalı"nın II dərəcəli Diplomuna layiq görülmüş;
- 1999-cu ildə "Amoco" qrupunu təşkil etdiyi III "Uşaq Muğam Festivalı"nın Diplomantı adına layiq görülmüş;
- 1999-cu ildə "Muğam" Assosiasiyasının təşkil etdiyi "Muğam-99" Respublika müsabiqəsinin III dərəcəli laureatı fəxri adına layiq görülmüş;
- 1999-cu ildə "Rezonans" qəzetinin "Ulduzlar" devizi altında xalq musiqisi və estrada mahnıları ifaçılarının "Mahnı-99" müstəqil müsabiqənin yekunlarına görə "İlin Pöhrəsi" nominasiyasına layiq görülmüş;
- 2000-ci ildə keçirilən Gənc muğam ustalarının müsabiqəsində III dərəcəli laureat adına layiq görülmüş;
- 2001-ci ildə keçirilən "Muğam-2001" Müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüş;
- 2002-ci ildə keçirilən Respublika Muğam müsabiqəsinin "Qran-pri" mükafatına layiq görülmüş;
- 2004-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi Orta ixtisas musiqi məktəblərinin IX Respublika müsabiqəsinin II dərəcəli Diplomuna layiq görülmüş;
- 2005-ci ildə Respublika üzrə "Space" telekanalında keçirilən "Üzeyir Hacıbəyov-120" 1-ci televiziya muğam müsabiqəsinin laureatı olmuşdur.
- 2008-ci ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi "Bakı Gecələri" estrada mahnı müsabiqəsində "Ən yaxşı səhnə mədəniyyəti" nominasiyasına layiq görülüb.