1. İnsanın və bəzi heyvanların əl və ayaqlarının qurtaracağındakı beş mütəhərrik üzvdən hər biri. Baş barmaq. Şəhadət barmağı. Orta barmaq. Adsız barmaq. Çeçələ barmaq. Barmaqlarının ucunda (yavaşca, ayaqlarının altını yerə vurmadan).
// Əlcəkdə barmaq keçirilən yer.
2. Maşın və mexanizmlərin milə oxşar girdə hissəsi – detalı.
// Ümumiyyətlə, barmağa oxşayan hər şey.
3. Təkərlərin dəndənəsindən çənbərinə qədər uzanan çubuqların hər biri.
4. Məhəccər, sürahi ağacı.
5. Yaba və şananın hər bir dişi, ucu.
6. Barmaq uzunluğunda, barmaq boyda.
// Adətən “bir”, “bircə” sözləri ilə – azacıq, çox az, çox kiçik, çox xırda, bir tikə.
// Qatı bir mayeyə batırıldıqda bir barmağın aldığı miqdar. Bir barmaq doşab.
7. Şeirdə: heca ölçüsü, misralardakı hecaların sayına əsaslanan ölçü.
8. dan. Çalğıçının əsas musiqi melodiyasına uyğun olaraq əlavə etdiyi ahəng.
// Simli musiqi alətində (tar, kamança, saz və s.) çalan müəyyən ifaçının işlətdiyi və yalnız ona xas olan xırda musiqi ibarələri.
□ Barmağı yatmamaq – çalmağı öyrənə bilməmək, çalğı alətində ahəngi tuta bilməmək.
9. Tənək, nar və s. bu kimi kolların, yaxud çiçəklərin şitil çubuğu.
◊ Barmağı dişində – heyrət içində, matməəttəl.
Barmağı olmaq – əli olmaq, xəbəri olmaq, bir işin gizli iştirakçısı olmaq (adətən mənfi mənada). Bu işdə yəqin onun da barmağı var.
Barmağına dolamaq – ustalıqla aldatmaq, tovlamaq, ələ salmaq, oynatmaq, sarımaq.
Barmağını dişləmək – nə isə bir şey yadına düşərək fikrə getmək; anlamaq, duymaq, başa düşmək.
Barmaq silkələmək – hədələmək, qorxutmaq.
Barmaq uzatmaq – başqasının işinə qarışmaq.
Barmaq yeri – bəhanə, girəvə.
Barmaqla göstər(il)mək – məşhur olmaq, tanınmaq, adı çıxmaq (yaxşılıqda, ya pislikdə).
Barmaqla sayılmaq – çox az şey haqqında.
Beş barmağı kimi tanımaq – çox yaxşı tanımaq, bilmək, bələd olmaq, təfərrüatına qədər bilmək.