Kamran Bayramov
Kamran Fərhad oğlu Bayramov (10 noyabr 1979, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin V, VI çağırış deputatı.
== Həyatı ==
Bayramov Kamran Fərhad oğlu 1979-cu ilin noyabr ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri, Yasamal rayonunun 20 nömrəli orta məktəbi bitirərək, həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.
1999-cu ildə həmin Universiteti bitirərək hüquqşünaslıq üzrə bakalavr dərəcəsini almışdır. 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2011-ci ildə hüquq fakültəsinin magistr pilləsini fərqlənmə ilə bitirmişdir.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2016-cı ildə həmin təhsil müəssisəsini fərqlənmə ilə bitirmişdir.
Evlidir, üç ovladı vardır.
== Əmək fəaliyyəti ==
1999-cu ilin sentyabr ayında təyinatla Ədliyyə Nazirliyinə işə qəbul olunaraq nazirliyin mərkəzi aparatının Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor vəzifəsinə təyin edilmiş;
1999–2006-cı illər ərzində Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor, məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmış;
2006-cı ilin sentyabr ayında İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsinə təyin olunmuş;
2007-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmiş;
2007–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində çalışaraq baş məsləhətçi vəzifəsinə qədər yüksəlmiş;
2013-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuş;
2015-ci ilin noyabr ayının 1-də keçirilmiş Milli Məclis seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Belarus, Fransa, Xorvatiya, İspaniya, Kanada, Koreya, Kuba, Qətər, Litva, Polşa, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.