Atropa belladonna
Adi xanımotu (lat. Atropa belladonna) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Adi xanımotu yaxşı inkişaf etmiş yoğun və ətli köklərə, qısa çoxşaxəli kökümsova malik çoxillik ot bitkisidir. Gövdəsi silindrik formalı, yaşıl rəngli olub, hündürlüyü 100-180 sm-ə çatır. Yarpaqları tünd yaşıl rəngli, yumurtavari formalı, zirvəsi bir qədər sivri və tam kənarlıdırlar. Gövdənin aşağı yarpaqları tək-tək yerləşərək növbəli düzülürlər, yuxarı yarpaqları isə qoşa yerləşirlər. Qoşa yarpaqların biri böyük, digəri kiçik ölçülü olur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək inkişaf edir. Çiçək saplağı tükcüklü olub, bir qədər sallaqdır. Çiçək saplağının ucunda bir, bəzən də iki çiçək yerləşir.