Bismillah (1925)
Bismillah — rejissor Abbas Mirzə Şərifzadə tərəfindən 1925-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azdövlətkinosənaye"də istehsal edilmişdir. Dini fanatizm əleyhinə təşviqat-təbliğat məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən bəhs edir. Əsas rolları Mirzəağa Əliyev, K.Vyaznova, Mustafa Mərdanov, T.Vişnevskaya və İbrahim Azəri ifa edirlər.
== Məzmun ==
Dini fanatizm əleyhinə təşviqat-təbliğat məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən, dilsiz və yoxsul kəndlilərin başına gətirilən oyunlardan, öz xeyri üçün fırıldaqçı mollalara tərəfdar çıxan yerli bəylərin əməllərindən bəhs edir.Burada Azərbaycan qadınının köhnə adət-ənənələrə qarşı fəal etirazı da öz əksini tapmışdır.
== Film haqqında ==
Film Azərbaycanın ilk milli kinorejissoru Abbas Mirzə Şərifzadənin rejissor kimi bədii kinoda ilk işidir.
Filmin rejissoru Abbas Mirzə Şərifzadə "xalq düşməni" elan olunduqdan sonra onun adı lentdən vəhşicəsinə cırılıb götürülmşdür.
Filmdə məhərrəmlik görüntüləri xronikal kadrlardır, yəni Aşura günündə Bakıda çəkilib. Aktyor Mustafa Mərdanov isə özlərini döyənlərin arasına qatılmış və kinonun o səhnəsi beləcə quraşdırılmışdır.
Baş Kinolaşdırma İdarəsi (Moskva) filmi yüksək qiymətləndirərək sovetlər ekranına layiq görüb.