Qaf dağı
Qaf dağı — bir çox xalqların mifologiyasında yer alan əfsanəvi dağ.
Qədim İran əsatirilərində Simurq adlı mövhumi quşun yaşadığı yerdir. Simurq quşu Qaf dağında yaşayan böyük, xeyirxahlıq rəmzi, həyat ağacını yerə gətirən, gözəllik simvolu bir quşdur. Bir versiyaya görə Qaf dağı, Qafqaz dağları hesab olunur. Digər bir versiyaya görə bütün xalqların mifoloji süjetində Simurq quşunun yuvasının Qaf dağında olmasının səbəbi, Nuhun gəmisinin Qaf dağında quruya təmas etməsi ilə bağlıdır. Nuhun gəmisi harada quruya oturmuşdursa həyat, o cümlədən, od da oradan paylanmalıdır. Belə olan halda, Simurq quşunun yuvası da Qaf dağı olmalıdır və dağ Ağrı dağı ilə eyniləşdirilir. Daha bir versiyaya görə isə Qaf dağının Elbrus dağı olması ehtimal olunur.
Azərbaycan ərazisində yerləşən Eldənizlər sülaləsinin vəliəhdlərinin böyük müəllimi, Əbubəkr ibn Xosrov əl-Ustadın "Munisnamə" əsərində Qaf dağı haqqında yazılanlar atəşpərəstlərin Alburuz Dünya Dağına aid təsəvvürlərini tamamlayır. Kainatın başlanğıcı, çoxsaylı başqa dünyalara gedən yollar da Qaf dağında göstərilir.Hətta Azərbaycan mifoloji təsəvvürlərindən (xüsusilə də Səməndər quşu) fərqli olaraq "Munisnamə"də dünya qırx qatlı təsvir edilir.