Qədim ağa Bədirbəyli
Qədim ağa Bədirbəyli Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və bölgənin tanınmış mülkədarlarından biri.
Qədim ağa 1855-ci ildə Şəmkirin Morul kəndində doğulmuşdur. Qədim ağa ilə Leyla Bədirbəylinin babası Abdı ağa qardaşdırlar.1882-ci ildə ailə qurmuş, beş oğul, 6 qız atası olmuşdur. 80 desyatindən çox torpağı, əkin-biçin yeri, mal-qarası, at ilxısı, qoyun sürüləri var idi.
Bəyliyi təmsil edən Qədim ağa qoçaq, təəssübkeş və vətənpərvər kimi də tanınırdı. O, 1900-cü ildən 1919-cu ilə kimi ətrafına xeyli adam toplayıb dəfələrlə Göyçə mahalına və Qarabağa — yerli əhaliyə hücum edən erməni daşnaklarına qarşı vuruşmağa getmişdi. Çar Rusiyası tərəfindən məqsədli şəkildə Cənubi Qafqazın torpağı münbit, suyu bol, havası təmiz dağlıq və dağətəyi ərazilərinə, o sıradan Qarabağa, Gəncəbasara və Göyçə mahalına köçürülən ermənilər gəldikləri yerləri onların həqiqi sahiblərindən — azərbaycanlılardan "azad" etmək üçün o vaxt etnik təmizləmə aparır və torpaqları qəsb edirdilər. Onlar yerli müsəlman əhalini terrora məruz qoyur, dinc sakinləri evlərindən didərgin salır, Azərbaycan kəndlərinə hücumlar edir, yerli əhalini soyur və kütləvi şəkildə qırırdılar. Qədim ağa bu qırğınların qarşısını almaq üçün nəinki Gəncəyə, Gədəbəyə, hətta Qarabağa və Göyçəyə də tez-tez gedirdi.
Qədim ağa növbəti dəfə Qarabağa gedəndə yaxşı tanıdığı Dostu oğlu Süleyman əl çəkmir ki, "ağa, keçən dəfə də demişdim, məni də özünlə apar, aparmadın, döyüşdən qorxan adam deyiləm…"
Qədim ağa gördü ki, Süleyman inadından dönənə oxşamır, dedi:
— Yaxşı, get, ailəndən icazə al, razı olsalar, ilxıdan bəyəndiyin atı seç, yəhərin-yüyənin yerini də özün bilirsən, hazırlaş.