Zülfüqar Məmmədov (cərrah)
Zülfüqar Mehdi oğlu Məmmədov (21 mart 1903, Yelizavetpol – 15 iyul 1971, Bakı) — akademik, cərrahiyyə sahəsi üzrə tanınmış alim.
== Həyatı ==
Zülfüqar Mehdi oğlu Məmmədov 1903-cü il mart ayının 21-də Gəncə şəhərində anadan olmuşdur.
1921-ci ildə Yelizavetpol (Gəncə) gimnaziyasını bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir.
Z. Məmmədov 1936-cı ildə dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adma layiq görülmüşdür.
Z. Məmmədov 1961-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir.
Z. Məmmədov Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin Ümumi cərrahlıq kafedrasında ordinator, (1926–1928), assistent (1928–1931), dosent və Operativ cərrahlıq kursunun müdiri (1931–1936) olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Ümumi cərrahlıq kafedrasının müdiri vəzifəsində çalışmış (1938–1971), Respublikada Zob Xəstəliyi ilə Mübarizə Komitəsinin sədri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru (1943–1946), Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri və Ümumittifaq Endokrinoloqlar Komitəsinin üzvü (1947–1971) olmuşdur. 1961-ci ildən yenicə təşkil olunmuş Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun Endokrin Cərrahlığı şöbəsinə rəhbərlik etmiş, eləcə də Ümumittifaq Cərrahlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1962–1971) olmuşdur.
Z. Məmmədov cərrahiyyə sahəsi üzrə tanınmış alimlərdən olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətini endemik ur xəstəliyinin, qalxanabənzər və böyrəküstü vəzilərin, yumurtalıqların xəstəliklərinin, eləcə də başqa endokrinoloji xəstəliklərin, həmçinin osteomilitlərin diaqnostikası və cərrahi müalicəsi, qarın boşluğu orqanlarının kəskin və xroniki xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsi, yanıqların, donmaların Naftalan neftindən hazırlanmış preparatlarla müalicəsi üsullarının işlənib hazırlanması təşkil etmişdir.