Roza Cəfərxanova
Roza Heydər qızı Cəfərxanova (23 fevral 1927, Ordubad, Naxçıvan MSSR – 18 may 2010, Naxçıvan) — Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü
Ordubad rayonunda anadan olub. On dörd yaşından dram dərnəyində çıxış edib. Orta məktəbi bitirdikdən sonra o vaxt Ordubadda yenicə açılmış Dövlət Dram Teatrına (1949-cu ilin əvvəllərində bağlanıb) aktrisa götürülüb. Bu teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Asya), "O olmasın, bu olsun" (Gülnaz), "Ər və arvad" (Minnət xanım) operettalarında, Səməd Vurğunun "Vaqif" (Gülnar), Abdulla Şaiqin "Vətən" (Gözəl), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin), Süleyman Sani Axundovun "Eşq və intiqam" (Qəmər) dramlarının tamaşalarında oynayıb. 1945-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Roza Heydər qızı Cəfərxanova 1948-ci ilin oktyabrından Naxçıvan teatrında işləyib.
15 noyabr 1984-cü ildə Azərbaycan SSR əməkdar artisti və 28 oktyabr 2000-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 2002-ci ildə isə Prezident təqaüdçüsü olub.
Aktrisa iki yüzdən artıq lirik, dramatik və komik rolda səhnəyə çıxıb.