İslamı qəbul etdikdən sonra ərəblər 613-cü ildə yaşadıqları geniş və quraq yarımadanın sərhədlərini aşmış, 636-cı ildə isə Dəməşqi tutmuşlar. Şəhər, demək olar ki, yüz il ərzində ərazisi Qərbi Asiyadan Şimali Afrikaya qədər uzanan nəhəng ərəb imperiyasının paytaxtı olmuşdur.
Əhl-səliblər 1100-cü ildə Dəməşqdə olmuş, sonralar da şəhərin yaxınlığından keçmişdilər. Onlar bu şəhərin mədəniyyətinin özlərinin mənsub olduqları, kifayət qədər kobud Qərb mədəniyyətindən qat-qat üstün olduğunu öz gözləri ilə görə bilmişdilər. Onlar bu mədəniyyətin məhsullarını Qərbə gətirdilər. Qərb isə gördüklərindən donub-qaldı. Belə möcüzələrdən biri isə üzərində fiqurlar toxunmuş ipək parçalar idi. Bu parçaları dərhal Dəməşq parçaları adlandırdılar. Sonralar materialından asılı olmayaraq üzərində bu cür toxuma fiqurlar olan bütün parçalar belə adlanırdı.
Dəməşqdə qılıncın tiyəsini elə düzəldirdilər ki, poladın üzərində girintili-çıxıntılı xətlərdən ibarət naxışlar görünürdü. Bu poladı Dəməşq poladı, naxışlı xətləri isə dəməşsena (damascene) adlandırdılar. (Ayzek Azimov. Sözlərin tarixi)