Şah-Dəniz
Şahdəniz — dünyada ən iri qaz-kondensat yataqlarından biri.
== Tarixi ==
Təxminən 1990-cı ildə Dövlət Neft Şirkəti tərəfindən Azərbaycanın qaz ilə təchizatını təmin etmək üçün "Şahdəniz" yatağında bu quyunun qazılmasına başlanmış, verilən məlumata görə təxminən 2 min metr dərinliyə qədər qazılmış, ancaq vəsaitin, imkanların olmamasından bu iş davam etdirilməmiş və başlı-başına buraxılmışdır. 1992-ci ilin sentyabrında Azərbaycan hökuməti "Şahdəniz" yatağının işlənməsi ilə əlaqədar Böyük Britaniya Krallığının "Britiş Petroleum" və Norveçin "Statoyl" şirkətləri ilə müqavilə imzalamışdır. Bu müqavilədə həmin yatağın birgə işlənməsi üçün danışıqlar aparılması və yatağın işlənməyə hazırlanması barədə "Britiş Petroleum" və "Statoyl" şirkətlərinə xüsusi səlahiyyətlər verilmişdir. Bu iki şirkət alyans yaradaraq işə başlamış, sonra həmin alyansa Türkiyənin "Türkiyə Petrolları Anonim Ortaqlığı" şirkəti də qoşulmuş, onlar bu işləri öz imkanları çərçivəsində aparmışlar. Nəhayət, Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir. Kollektorda 1 trilyon kub metr qaz ehtiyatı ilə Şahdəniz yatağı dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50–500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz yatağının kəşfiyyat işlərinin aparılması üçün qazılan quyu yatağın cənub-qərb hissəsində Xəzər üçün rekord olan 7300 metrdən çox dərinliyə qazılmışdır. Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verir.