ETİBAR

is. [ ər. ]
1. Bir şəxsin ixlasına, sədaqətinə, səmimiyyətinə, doğruluğuna, düzgünlüyünə inam, etimad, əmniyyət və bunlara əsaslanan münasibət.
İnsan oğlu can verər pərvanə tək atəşlərə; Düz sözün, düz ilqarın, düz etibarın eşqinə. S.Vurğun.

// məc. Vəfa.
Zakir, etibarı yoxdur dünyanın; Aldanma xeyrinə, şərinə anın. Q.Zakir.
Lakin günəşdə etibar görünmürdü; yerdən buğ qalxır, dağların başı dumanlanır, üfüqlər bulaşmağa başlayırdı. Çəmənzəminli.

□ Etibar etmək (göstərmək, qılmaq) – inanmaq, etimad etmək, inam göstərmək.
Mən böylə qılırdım etibarı; Kim bundan olur könül qərarı. Füzuli.
Amma keyfiyyət bir mərtəbədə qərib idi ki, Yusif Sərrac onun doğru olmağına, bavücudi ki, gözü ilə görürdü, hərgiz etibar edə bilmirdi. M.F.Axundzadə.
[Süleyman:] Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir. Ü.Hacıbəyov.

2. klas. Ad, san, şərəf, hörmət, nüfuz.
Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız. M.Ə.Sabir.
Keyfə sərf eylədim də milyonlar; Yenə dövlətcə etibarım var. H.Cavid.

□ Etibardan düşmək, etibarını itirmək, etibarı qalmamaq1) hörmətdən düşmək, nüfuzunu itirmək.
Bundan sonra zəmanədə mən mərəzə şaiqəm; Çün düşmüşəm yanında onun etibardən. S.Ə.Şirvani;

2) daha mötəbər olmamaq, özünə olan inamdan məhrum olmaq;
3) qüvvəsini, təsirini itirmək (sənəd haqqında).
Etibarı olmaq1) inanılmaq, başqasının yanında etimadı olmaq;
2) möhkəm olmaq, davamlı olmaq.
3. klas. Əhəmiyyət, məna.
Görmüşəm ləlini, lazımdı tökülsün qanım; Etibar olmaz əgərçi görələr qan yuxuda. S.Ə.Şirvani.

4. “ilə” qoşması ilə: etibarı ilə – fərz edərək,
…nəzərə alaraq, …əsasən, …görə, …kimi.
Bu dövrdə böyük yazıçının hekayələri forma etibarı ilə ən çox novella xasiyyəti daşıyır. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ETİBAR etibar bax inam; vəfa, sədaqət
  • ETİBAR ad-san — şərəf — hörmət — nüfuz
  • ETİBAR sədaqət — vəfa
ETERNİ́T
ETİBARƏN

Digər lüğətlərdə