Məhəmmədhəsən xan Etimadussəltənə
Məhəmmədhəsən xan Müqəddəm (1843, Marağa, Şərqi Azərbaycan ostanı – 1896, Tehran)-İranda çap işinin yaradıcılarından biri, tərcüməçi
Məhəmmədhəsən xan Hacı Əli xan oğlu 1843-cü ildə Marağa şəhərində andan olmuşdu. Tehran Darülfünunu bitirmişdi. O, Iran dövlətinin böyük şəxsiyyətlərindən biri idi. Cənubi Azərbaycanda və Iranda elmi dərnəklərin təşkilində, rəsmi qəzetlərin yaradılmasında, yayılmasında, maraqlı əsərlərin tərcüməsində, yeni əsərlərin yazılmasında onun böyük xidməti vardı. Iyirmi beş il ərzində mətbuat və maarifin ağırlığı Məhəmmədhəsən xanın çiyninə düşmüşdü.
Məhəmmədhəsən xan Müqəddəm 1869-cu ildə Səniüddövlə ləqəbini almış, dövlət nəşiriyyat idarəsinə, eləcə də saray tərcümə idarəsinə başçılıq etmişdi. 1871-ci ildə dövlət, milli və elmi qəzetlərin nəşri ona tapşırılmışdı. Məhəhəmmədhəsən xan sonralar Etimadüssəltənə ləqəbini daşıyırdı.
XIX yüzilin 80-ci illərində İranda kitab nəşrinin yeni mərhələsi başladı. Ölkədə ziyalıların maarifçi fəaliyyətləri və Avropa ilə əlaqələrin qurulması nəticəsində bir çox sahələrə mütəxəssis kadrlar hazırlamaq üçün elmi biliklər tədris edən kitabların tərcüməsinə və nəşrinə böyük ehtiyac vardı.