etnosentrizm

etnosentrizm
etnosemiotika
etnosiyasi
OBASTAN VİKİ
Etnosentrizm
Etnosentrizm (Yunanca ethnos tayfa, qrup, xalq; lat. centrum mərkəz, cəmləşmə) — insanın onu əhatə edən gerçəkliyi, özünün də aid olduğu və etalon kimi götürdüyü etnik birliyin mövqeyindən qiymətləndirməsi və qavraması meylidir. Etnosentrizm — etnopsixologiyanın təhlil vahidi olub, onun istifadə etdiyi əsas anlayışlardan biridir. Etnosentrizm anlayışını elmə ilk dəfə 1883-cü ildə avstriyalı sosioloq İ. Qumploviç gətirmişdir, amerikan alimi U. R. Semner isə 1906-cı ildə həmin anlayışdan geniş surətdə istifadə etmişdir. U. R. Semner hesab edirdi ki, etnosentrizm fərdin hər şeyin mərkəzində öz qrupunu qoyması və ətrafda baş verən hadisələri onunla ölçməsi, ona istinad edərək qiymətləndirməsi meylidir. Etnosentrizm _ fərdin və ya qrupun ətraf mühitdə baş verən sosial hadisələri aid olduğu qrupun norma və dəyərləri əsasında qavraması, qiymətləndirməsi və münasibət bəsləməsindən ibarət olan hadisədir. Bu zaman fərd aid olduğu mədəniyyətin dəyər və normalarını ideal və daha düzgün hesab edir, ona uyğun gəlməyənləri isə gerilik, elmdən, mədəniyyətdən uzaq olan, vəhşilik kimi qiymətləndirir. Əksər hallarda bu termin neqativ məna kəsb edir və bir insanın təsirinə məruz qaldığı sosial mühitin diktəsinə uyğun olaraq başqa bir insanı başa düşməmək kimi izah olunur. Sovetlər dönəmində sovet tədqiqatçıları etnosentrizmi neqativ sosial hadisə hesab etmiş və onu millətçilik, rasizmlə eyniləşdirmişlər. Etnosentrizmi, yalnız, neqativ aspektdən qavramaq və izah etmək heç də düzgün deyildir.