Göycə
Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur.
== Tarixi ==
Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu.
Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub.